Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) yarandığı gündən indiyədək Agentlik tərəfindən Azərbaycanda mina və partlamamış hərbi sursatlardan (PHS) 229 milyon 231 min 517 kv.m ərazi təmizlənib.
ANAMA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 683 min 616-dir.
Ttəmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Bərdə, Tərtər, Goranboy, Yevlax, Xızı və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir. Əməliyyatlarda 484 mütəxəssis və 118 yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
Qeyd edək ki, ANAMA 18 İyul 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılıb.