Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İ.İsabalayeva/
Avqustun 15-dən Azərbaycanda havanın temperaturu yenidən yüksəlməyə başlayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, bu həftənin ikinci yarısında temperaturların yüksəlməsi müşahidə ediləcək.
Avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Günün birinci yarısında havanın qısa müddətə tutulacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 21-24, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 14-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz keçəcək.
Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti təşkil edəcək.
Həftənin ikinci yarısında ölkə ərazisində temperatur rejiminin yüksələcəyi, maksimal temperaturun aran rayonlarında 35-38 dərəcə isti, bəzi yerlərdə 40 dərəcəyədək isti təşkil edəcək. Bakıda və Abşeron yarımadasında isə 35-38 dərəcə isti olacağı gözlənilir.
Gözlənilən anomal isti hava şəraiti ilə əlaqədar gündüz saatlarında günün altında qalmaq məsləhət deyil.