Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir E.Mehdiyev/
BMT-nin, YUNESKO-nun Baş qərargahında, eyni zamanda Avropa Parlamentində "Azərbaycan toleranlıq məkanı" adlı fotosərgi və konfransların keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə deyib.
E.İskəndərov xatırladıb ki, may ayında Azərbaycanda keçirilən böyük humanitar forum çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, BMT və YUNESKO-nun birgə imzaladığı memorandum əsasında Milli Tolerantlıq Mərkəzi yaradılıb.
E.İskəndərovun sözlərinə görə, bu mərkəzin fəaliyyəti Azərbaycanın tolerantlıq, multikulturalizm ənənələrini tədqiq etmək, xarici mütəxəsislər tərəfindən belə bir tədqiqatın aparılmasına şərait yaratmağa yönəldilib: "Artıq mərkəzin ilk layihəsi həyata keçirilir. Bu il dünyanın aparıcı ekspert və blogerlərindən ibarət bir heyət Azərbaycana gəlib və Dövlət Komitəsi tərəfindən hazırlanan tolerantlığın İpək Yolu marşurutu ilə Azərbaycanın bir neçə bölgəsində olacaq.
E.İskəndərov əlavə edib ki, bu mərkəzin nəzdində müxtəlif audio və video materiallar, disklər, təqdimatlar hazırlanıb, bir neçə kitabın hazrlanması planlaşdırılır: "Hesab edirəm ki, bu tədbirlər xaricdə həm təhsil alan gənclər üçün, həm diaspor təşkilatları üçün birləşmək və Azərbaycanı təqdim etmək üçün bir şəbəkə olacaq".