...

Nikaha daxil olmaq üçün hansı sənədlər təqdim edilməlidir?

Cəmiyyət Materials 3 Sentyabr 2013 14:14 (UTC +04:00)
Azərbaycanda ilk dəfə və ya əvvəllər ailəli olmuş şəxslər rəsmi nikaha daxil olarkən bəzən sənədləşmə problemləri ilə üzləşirlər.
Nikaha daxil olmaq üçün hansı sənədlər təqdim edilməlidir?

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda ilk dəfə ailə qurmaq istəyənlər və ya əvvəllər ailəli olmuş şəxslər rəsmi nikaha daxil olarkən bəzən sənədləşmə problemləri ilə üzləşirlər. Bununla əlaqədar bizə daxil olan müraciətlərdən belə məlum olur ki, nikaha daxil olmaq istəyənlərin əksəriyyəti ümumiyyətlə bunun üçün hansı sənədləri təqdim etmək lazım gəldiyindən xəbərsizdir.

Bununla bağlı Trend-in sorğusuna cavab olaraq Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq olunmuş "Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 3.2-ci bəndinə görə nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsi, Konsulluq İdarəsi və İcra hakimiyyətinin nümayəndəliyinə şəxsən yazılı ərizə verirlər.

Hüquq məsləhətçisinin sözlərinə görə, həmin Qaydanın 3.3-cü bəndinə görə ərizədə nikahın bağlanmasına mane olan halların - nikahın yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) arasında, övladlığa götürənlər və övladlığa götürülənlər arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanması hallarının olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyad göstərilməli və ərizə blankında göstərilmiş digər suallara cavab verilməlidir. "Dövlət rüsumu haqqında" Qanunun 12.1-ci maddəsinə görə, nikahın qeydə alınması üçün 5 manat məbləğində dövlət rüsumu ödənilməlidir:

"Beləliklə, ilk dəfə nikaha daxil olanlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) Qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqələrini, yuxarıda adıçəkilən ərizəni və rüsumun ödənilməsi barədə qəbzi təqdim etməlidirlər. Həmin Qaydanın 3.6-cı bəndinə əsasən, əvvəllər nikahda olmuş şəxslər isə sadalanan sənədlərlə birlikdə həm də nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı təqdim etməlidirlər."

Hüquqşünas onu da əlavə edib ki, Ailə Məcəlləsinin 13-cü maddəsi nikaha daxil olan şəxslərin tibbi müayinədən keçmək hüququnu təsbit edir, lakin bu məcburi deyil və nikaha daxil olan şəxslərin razılığı ilə mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti