...

Sabiq dövlət və hökumət başçıları yenidən Bakıda toplaşıb

Cəmiyyət Materials 4 Sentyabr 2013 16:14 (UTC +04:00)
Sabahdan Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə keçirilən beynəlxalq toplantı öz işinə başlayır.
Sabiq dövlət və hökumət başçıları yenidən Bakıda toplaşıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/

Sabahdan Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə keçirilən beynəlxalq toplantı öz işinə başlayır.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Latviya, Finlandiya, Niderland, Şri-Lanka və digər ölkələrin keçmiş dövlət və hökumət başçıları, həmçinin bir sıra nüfuzlu beynəlxalq qurumların rəhbərlərinin iştirakı ilə keçiriləcək Yüksək Səviyyədə Görüşün məqsədi "Müştərək Cəmiyyətlər-2014" forumuna hazırlıqdır.

İki gün davam edəcək Yüksək Səviyyədə Görüşün iştirakçıları Cənubi Qafqazda münaqişələr, qadınların cəmiyyətdə aktivliyinin artırılması, mədəniyyətlərarası və dinlərarası dialoq, 2015-ci il Minillik İnkişaf Proqramı kimi əhəmiyyətli mövzuları müzakirə edəcəklər.

Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Vayra Vike-Freyberqa (Latviyanın sabiq Prezidenti), İsmayıl Seragəldin (İsgəndəriyyə Kitabxanasının direktoru) və Mərkəzin İdarə Heyətinin üzvləri - prezident Tarya Halonen (Finlandiyanın sabiq Prezidenti), Uolter Fust (YUNESKO-nun Hökumətlərarası Media Komissiyasının sədri) o cümlədən, Madrid Klubunun prezidenti Vim Kok (Niderlandın sabiq Baş naziri) və Cennifer M.Şipli (Yeni Zelandiyanın sabiq Baş naziri), Xorxe Kuiroqa (Boliviyanın sabiq Prezidenti) və hər iki qurumun digər üzvləri, o cümlədən tərəfdaş təşkilatlar - Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin rəhbəri Petar Stoyanov (Bolqarıstanın sabiq Prezidenti), Dünya Elm və Mədəniyyət Akademiyasının prezidenti İvo Slaus, Gürcüstan Universitetinin həmsədri, xanım Giuli Alasaniya və digər nüfuzlu şəxslər iştirak edəcəklər.

Tədbir çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun İdarə heyətlərinin toplantısının keçirilməsi planlaşdırılır. İclasda Mərkəzin illik hesabatı müzakirə olunacaq və növbəti il üçün fəaliyyət strategiyası müəyyən ediləcək.

Toplantının sonunda BMT-nin baş katibi Pan Gi Muna və Baş Assambleyaya müraciət olunması planlaşdırılır.

Yüksək Səviyyədə Görüşün sonuncu günü - sentyabrın 6-da toplantının yekunlarına, əldə olunan razılaşmalara dair jurnalistlər üçün mətbuat konfransı keçiriləcək.

Artıq ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Yüksək Səviyyədə Görüşün iştirakçılarına müraciət edərək onlara toplantının uğurlu və səmərəli keçməsində xoş arzularını bildirib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan Yüksək Səviyyədə Görüşün davamı olaraq "Müştərək Cəmiyyətlər Forumu-2014" layihəsi çərçivəsində Brisbon (Avstraliya), Afina (Yunanıstan), İsgəndəriyyə (Misir) və Madriddə (İspaniya) toplantıların keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Müştərək Cəmiyyətlərə dair ilk Açıq Cəmiyyət Forumu Diasporla İş üzrə Dövlət Komitəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən 2013-cü il mayın 5-8-də Bakıda təşkil olunub. Tədbirdə 40-a yaxın ölkənin sabiq dövlət və hökumət başçıları iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti