...

Fizuli Ələkbərov Hacıqabulda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2013 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən Bakıda və müxtəlif bölgələrdə vətəndaş qəbulları davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir kimi, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, sentyabrın 6-da nazir Fizuli Ələkbərov Hacıqabul rayonunda Hacıqabul, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan, Beyləqan rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edib.

Qəbul zamanı ümumilikdə 80 nəfərədək sakinin "Açıq qapı" şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb və bir sıra vətəndaşların qaldırdıqları məsələlər yerindəcə həll olunub.

F.Ələkbərov müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə tapşırıqlar verib. Bununla yanaşı, aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Hacıqabul rayonunda keçirilən qəbul haqqında əvvəlcədən KİV-lərdə məlumat verilib, müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılıb.

Qeyd edək ki, cari ilin ötən dövrü ərzində əmək və əhalinin sosial müdafiəsi naziri F.Ələkbərov və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 15 dəfə vətəndaş qəbulu, eyni zamanda, bölgələrdə yaşayan vətəndaşların videokonfrans sistemi vasitəsilə distant formada qəbulu həyata keçirilib. Qəbullar nəticəsində ümumilikdə 700 nəfərdən çox vətəndaşın müraciətləri araşdırılaraq müvafiq tədbirlər görülüb.

Həmçinin 24 may 2013-cü il tarixdə nazir F.Ələkbərov tərəfindən ölkədə ilk dəfə olaraq nazirliyin rəsmi "facebook" səhifəsi vasitəsilə 70-ə yaxın, ümumən isə bu sosial şəbəkə üzrə indiyədək nazir və digər rəsmi şəxslər tərəfindən 350-ə yaxın müraciət cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti