...

Millət vəkili: Azərbaycanda tibb sahəsində çalışacaq kadrların hazırlığı yüksək səviyyədə olmalıdır

Cəmiyyət Materials 13 Sentyabr 2013 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycanda tibb sahəsində çalışacaq kadrların hazırlığı yüksək səviyyədə olmalıdır.

Bunu Trend-ə millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılış mərasimində söylədiyi "Biz çalışmalıyıq ki, dünyada səhiyyə sahəsində gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olunsun" fikrinə münasibət bildirərkən deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanda tibbi infrastruktur yüksək səviyyədədir, klinikalarda, diaqnostik mərkəzlərdə ən müasir tələblərə cavab verən avadanlıqlar alınıb: "Ölkəmizdə gözəl müalicə müəssisələri yaradılıb, ancaq orada kimlərin işləyəcəyi ilə bağlı məsələ kəskin şəkildə durmalıdır".

E.Axundova vurğulayıb ki, tibb sahəsi üzrə təhsil alanların təhsili daha yüksək səviyyəyə qalxmalıdır. Millət vəkili hesab edir ki, yüksək keyfiyyətli tədrisin aparılması üçün ölkəyə xarici mütəxəssislər dəvət oluna bilərlər. Bu istiqamətdə aparılan işlər barədə danışan E.Axundova vurğulayıb ki, artıq azərbaycanlı həkimlərin xarici ölkələrə ixtisasartırmaya göndərilməsi praktikası mövcuddur. "Hətta rayon, kənd həkimləri belə xaricə göndərilir və öz ixtisaslarını artırırlar. Bu istiqamətdə işi daha da intensivləşdirmək lazımdır".

Millət vəkili eyni zamanda həkimlərin əməkhaqlarının artırılması məsələsinin də vacib olduğunu deyib: "Həkimlər gərgin işləyirlər, məsuliyyətli iş görürlər. Onların maaşı da belə məsuliyyətli işə müvafiq olmalıdır". E.Axundova bunun çıxış yolu kimi icbari tibbi sığortanın tətbiqini vurğulayıb: "Artıq Azərbaycanda icbari tibbi sığorta ilə bağlı qanun da qəbul olunub. Maliyyə vəsaiti ayrılaraq sığortanın tətbiqinə başlanacağı təqdirdə müalicə müəssisələrinə dövlət tərəfindən pul köçürüləcək ki, bu da həkimlərin əməkhaqlarının artmasına səbəb olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti