Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"ndan 2012-ci il də daxil olmaqla 1825 gənc faydalanıb, onlardan 525-i məzun olub. Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Bakı Ali Neft Məktəbində tələbələrlə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin təhsilə ayırdığı investisiya çərçivəsində Azərbaycan gəncləri 6 ildir ki, xaricdə təhsil almağa göndərilir.
Nazir müavini qeyd edib ki, son illər ərzində Azərbaycanda 2000-dən çox təhsil müəssisəsi yenidən tikilib və yaxud əsaslı təmir edilib. Yalnız bu il 144 təhsil ocağı yenidən tikilib, 13 mövcud təhsil müəssisəsində yeni korpuslar yaradılıb, 115 məktəb əsaslı bərpa edilib.
C.Bayramovun sözlərinə görə, son illər Azərbaycanda görülən işlər ölkədə neft kapitalının insan kapitalına çevrilməsinin bariz nümunəsidir. Neftin insan kapitalına çevrilməsinin ən düzgün tərəfi təhsildir və təhsilə olan xüsusi qayğı bunu göstərir: "Amma bu qeyd edilənlər hamısı strateji yox, taktiki məqsəddir. Strateji məqsəd Azərbaycan təhsilində lazımi mühit yaratmaq, ali təhsil müəssisələrinin səviyyəsini dünya standartlarına gətirib çıxartmaqdır".
O, qeyd edib ki, Azərbaycanda mövcud olan təhsil müəssisələri daima dövlətin diqqətindədir. Son yaradılan ali təhsil müəssisələrinə beynəlxalq mütəxəssislərin, xarici tərəfdaşların marağı artmaqdadır: "Bir çox xarici tərəfdaşlar əməkdaşlıq etməkdə maraqlıdırlar. Aparıcı beynəlxalq səviyyəli mütəxəssislər bu ali təhsil ocaqlarına üz tuturlar ki, bu da Azərbaycanda yeni yaradılan ali təhsil ocaqlarında münbit şəraitdən xəbər verir".