...

Azərbaycanda korrupsiya ilə mübarizə işi daha da gücləndiriləcək

Cəmiyyət Materials 24 Sentyabr 2013 14:06 (UTC +04:00)
Azərbaycanda korrupsiya ilə mübarizə işi gələcəkdə daha da gücləndiriləcək. Bunu Trend-ə açıqlamasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib.
Azərbaycanda korrupsiya ilə mübarizə işi daha da gücləndiriləcək

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda korrupsiya ilə mübarizə işi gələcəkdə daha da gücləndiriləcək. Bunu Trend-in sorğusuna cavabında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib.

İdarə rəisinin sözlərinə görə, 2005-ci ildə idarə yarandığı dövrdən bəri həm cinayət işlərinin, həm də məsuliyyətə cəlb edilmiş şəxslərin sayı ilbəil artıb: "Bütün bunları siyasi iradə olmadan həyata keçirmək olmazdı. İnanıram ki, bu mübarizə gələcəkdə yalnız artan xətt üzrə inkişaf edəcək. Bu mübarizə vətəndaşlara xidmət edir və məqsəd onların həyat şəraitini yaxşılaşdırmaqdan ibarətdir."

K.Əliyev qeyd edib ki, ölkəmizin antikorrupsiya qanunvericiliyi dünya standartlarına tam uyğundur və Azərbaycanın qoşulduğu bütün beynəlxalq konvesiyaların müddəaları ilə tam uyğunluq təşkil edir, bir sıra hallarda isə hətta Avropa və postsovet ölkələrindən irəlidədir: "Bununla belə, yenə də qanunvericiliyi təkmilləşdirməyə ehtiyac var. Çünki qanunvericilik dinamik prosesdir. Zaman, həyat dəyişir, ona görə də biz də qanunvericiliyə ildən-ilə yenidən baxmalıyıq. Hansı müddəalar ki, səmərəsizdir və problemlər var, onlar aradan qaldırılmalıdır."

K.Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyətinin gələcəkdə genişləndirilə biləcəyini də istisna etməyib: "Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi 2005-ci ildə yaranan zaman 40 əməkdaşı və 15 texniki personalı var idi. 2011-ci ildə idarənin fəaliyyətində aparılan islahatlardan və ona əlavə funksiyalar verildikdən sonra işçilərin sayı 2 dəfədən çox artaraq 100 nəfərə, texniki personalın sayı isə 45 nəfərə çatıb. 2011-ci ilədək idarədə 3 şöbə fəaliyyət göstərirdisə, bu gün 7 şöbə fəaliyyət göstərir. Amma hesab edirəm ki, nə qədər ki, biz korrupsiyaya qarşı mübarizəni ildən-ilə gücləndirəcəyik, gələcəkdə idarənin potensialının daha da gücləndirilməsi, əməkdaşların sayının artırılmasına ehtiyac olacaq və idarənin fəaliyyəti daha da təkmilləşdiriləcək".

İdarə rəisinin fikrincə, korrupsiya ilə mübarizə sahəsində inzibati tərbirlərlə yanaşı qabaqlayıcı tədbirlər də həyata keçirilməlidir. Əks halda bu işlərin heç bir səmərəsi olmaz: "Məsələn, ölkədə "ASAN xidmət" mərkəzləri açıldıqdan sonra idarənin "qaynar xətt" əlaqə mərkəzinə bir sıra sahələr üzrə korrupsiya faktları ilə bağlı daxil olan şikayətlərin sayı faktiki azalıb və bəziləri hətta yoxdur. Bura sürücülük və şəxsiyyət vəsiqələrinin verilməsi, dəyişdirilməsi və digər məsələlər daxildir."

İdarə rəisinin sözlərinə görə, bir sıra beynəlxalq təşkilatlar öz hesabatlarında Azərbaycanda antikorrupsiya sahəsində görülən işləri müsbət qiymətləndirir və hətta nümunə göstərirlər: " İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı Azərbaycanın ixtisaslaşdırılmış qurumu olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsini bütün ölkələr üçün nümunə kimi təqdim edib və qərar qəbul edilib ki, digər ölkələr bu quruma nəzər salıb ondan faydalana bilərlər."

Bundan əlavə, Azərbaycan "Transparency International" təşkilatı tərəfindən keçirilən və 107 ölkədə 114 mindən artıq əhalini əhatə edən sorğuda da müsbət mənada fərqlənib: "Sorğuların nəticələrinə görə, dünyada orta hesabla hər 2 nəfərdən 1-i hesab edir ki, son 2-3 ildə korrupsiya ilə bağlı vəziyyət pisləşib. Amma Azərbaycan Respublikasında rəyi soruşulan vətəndaşlardan yalnız 4 nəfərdən 1-i, yəni 25 faizi hesab edir ki, korrupsiya ilə bağlı vəziyyət qismən pisləşib. Göründüyü kimi, digər ölkələrlə müqayisədə 2 dəfə fərq var. Həmçinin, sorğuda rəyi öyrənilən Azərbaycan vətəndaşlarının 41 faizi hesab edir ki, korrupsiya ilə mübarizə öz səmərəsini verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti