...

Vaqif Əliyev: Ali məktəblərdə inşaat sahəsi üzrə hazırlanan mütəxəssisləri ixtisaslaşdırmaq lazımdır

Cəmiyyət Materials 1 Oktyabr 2013 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr/ Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universitetində inşaat sahəsi üzrə hazırlanan mütəxəssislərin tarixi abidələrin bərpası ilə məşğul ola bilmələri üçün ixtisaslaşdırmaq lazımdır. Bunu Trend-ə Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda daşınmaz tarix və mədəniyyət abidələrin bərpası ilə məşğul ola bilən mütəxəssislərin sayı çox azdır. Bu isə müəyyən problemlər yaradır.

Abidələrin bərpasının çox incə bir məsələ olduğunu nəzərə çatdıran V.Əliyevin fikrincə, abidələrin təmiri ilə ona xələl gətirə bilməyən mütəxəssis məşğul olmalıdır: "Sözsüz ki, indi ali məktəblərdə bu sahə üzrə mütəxəssislər hazırlayırlar. Ancaq bu, biz istədiyimiz qədər deyil. Ona görə də bu gün bu işlərə adətən, inşaatçılar cəlb olunurlar. İnşaatçıların da gördüyü iş hansısa inşaatla bağlı olur. Abidələrin incə yerlərini bərpası isə sırf mütəxəssis tələb edir. Onların da sayı bu gün azdır".

Azərbaycanda çox sayda abidələrdə bərpa işlərinin aparılmasına ehtiyacın olduğunu deyən nazir müavini bildirib ki, rəsmi statistikaya görə, Azərbaycanda 7000-ə qədər abidə var, 1500-ə yaxın isə abidə yeni aşkarlanıb. Ümumilikdə, Azərbaycanda 8500-ə qədər daşınmaz tarix və mədəniyyət abidəsi var.

Yeni abidələrin aşkarlanması prosesinin hazırda da davam etdiyini deyən V.Əliyev bildirib ki, abidələrin çox az hissəsi təmir olunur. Əsasən, dünya və respublika əhəmiyyətli abidələr, məscidlərimiz təmir edilir: "Ancaq Azərbaycanda çoxlu sayda yerli əhəmiyyətli abidələr var. Orada yerli icra orqanları və insanların özləri tərəfindən təmir işləri aparılır. Sözsüz ki, bütün bu işlər Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin nəzarəti altında aparılır və bizimlə razılaşdırıllır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti