Azərbaycan, Bakı, 29 oktyabr / Trend, müxbir M.Əliyev/
Milli Məclis çoxuşaqlı ailələrə müavinətlər verilməsini təsdiqləyib.
Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında bununla bağlı "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik edilib.
Parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qanun layihəsini təqdim edərək bildirib ki, qanuna çoxuşaqlı ailələrə müavinətlərin verilməsi ilə bağlı əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsi daxil olub.
Yeni əlavə və dəyişikliklərə əsasən, 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət veriləcək. Müavinət 1 yaşından (1 yaşı tamam olduqdan sonra) 18 yaşına qədər olan uşaqlara veriləcək. Uşağın 18 yaşı tamam olduqda müavinətin verilməsi dayandırılacaq.
"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna edilən dəyişikliklərə görə isə İnzibati Xətalar Məcəlləsinə əsasən əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün həmin orqanın hesabına köçürülür.
Komitə sədri Hadı Rəcəbli deyib ki, bu dəyişiklik əhalinin sağlamlığının qorunması sahəsində inzibati xətalara qarşı məsuliyyət tədbirlərinin gücləndirilməsi, tibb işçilərinin maddi təminatına və sosial müdafiəsinin artırılması məqsədi daşıyır.
Milli Məclis çoxuşaqlı ailələrə müavinətlər verilməsini təsdiqləyib
Milli Məclis çoxuşaqlı ailələrə müavinətlər verilməsini təsdiqləyib.
