Təfərrüatlar əlavə edilib (İlk xəbər 13:10-da yayılıb)
Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İzzət/
Azərbaycanda yol qəzalarına şərait yaradan amillər aradan qaldırılmalıdır. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Ali Məhkəmənin Plenumunda çıxışında deyib.
F.Ələsgərov deyib: "Ağır nəticəli yol qəzalarının artması bizi narahat edir".
PA-nın şöbə müdiri bildirib ki, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılmasına görə son illər Cinayət Məcəlləsinin 265-ci maddəsi ilə bu vaxta qədər hər hansı şəxs məhkum edilməyib. F.Ələsgərovun fikrincə, məsul şəxslərin işlərinə hüquqi qiymətin verilməsi vacibdir.
Onun sözlərinə görə, yol qəzalarının sayının artması bir sıra faktorlarla bağlıdır. Nəqliyyat vasitələrini sərxoş halda idarə edənlərin, sürücülük vəsiqəsi alanların sayının sürətlə artması buna misal ola bilər: "Hesab edirəm ki, yol qəzalarına şərait yaradan amillər aradan qaldırılmalıdır".
Fuad Ələsgərov qeyd edib ki, son illər məhkum edilmiş şəxslərin 10-15 faizini yol-nəqliyyat hadisələri ilə bağlı cinayət törətmiş şəxslər təşkil edir. Məntəqə tipli cəzaçəkmə müəssələrində cəza çəkən şəxslərin 53 faizini yol-nəqliyyat hadisələrinə görə məhkum edilmiş şəxslər təşkil edir.
Onların sayının artması əsasən sürət həddinin aşılması və nəqliyyat vasitəsinin sərxoş halda idarə edilməsi ilə bağlıdır. Qanunvericilikdə sərxoş sürücülərə qarşı cəzaların sərtləşməsindən sonra bu ilin ilk yarısında onların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə azalıb.