...

Mədət Quliyev: Penitensiar xidmətin Müalicə müəssisəsində yanğın tibb bacısının ehtiyatsızlığından baş verib

Cəmiyyət Materials 12 Dekabr 2013 11:09 (UTC +04:00)
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda baş verən yanğının səbəbini açıqlayıb.
Mədət Quliyev: Penitensiar xidmətin Müalicə müəssisəsində yanğın tibb bacısının ehtiyatsızlığından baş verib

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir E.Mehdiyev/

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda baş verən yanğının səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, cümə axşamı jurnalistlərə açıqlama verən M.Quliyev bildirib ki, yanğına səbəb tibb bacısının ehtiyatsızlığı olub. Belə ki, tibb bacısı elektrik çaydanını şəbəkəyə qoşulu vəziyyətdə qoyduğu üçün qısaqapanmadan yanğın baş verib.

M.Quliyev bildirib ki, xidmətin əməkdaşları qısa zamanda səfərbər olduğundan yanğının qarşısını ala biliblər və müəssisədə müalicə alan məhbusların heç biri xəsarət almayıb.

Qeyd edək ki, ötən gecə saat 03:40 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda yanğın baş verib.

Yanğın baş verən korpusda olan məhkumların təhlükəsiz yerlərə köçürülməsi təcili olaraq təmin olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürmə dəstələri operativ olaraq hadisə yerinə gəlib, əməliyyatın həyata keçirilməsinə çətinlik yaradan amillərə baxmayaraq yanğın nəzarət altına alınıb, saat 06:30 radələrində yanğının söndürülməsinə nail olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti