...

Səhiyyə naziri: Həkimlərimiz həm də psixoloq olmalıdırlar

Cəmiyyət Materials 29 Dekabr 2013 11:47 (UTC +04:00)
Həkimlərimizin işi təkcə xəstəni müalicə etməklə kifayətlənməməlidir, həkim həm də psixoloq olmalıdır.
Səhiyyə naziri: Həkimlərimiz həm də psixoloq olmalıdırlar

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Həkimlərimizin işi təkcə xəstəni müalicə etməklə kifayətlənməməlidir, həkim həm də psixoloq olmalıdırlar. Onlar xəstəyə diqqət və qayğı ilə yanaşmalıdırlar. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev 2013-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.

Onun sözlərinə görə, bu baxımdan Azərbaycan Tibb Universitettinin, habelə Həkimlərin Təkmilləşmə İnstitutunun üzərinə böyük məsuliyyət düşür. Bu müəssisələr bacarıqlı həkimlə yanaşı, cəmiyyət üçün idarəçilik bacarıqları olan vətəndaş yetişdirməlidirlər.

O.Şirəliyev 2013-cü ildə təmirinə başlanan Elmi-tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, Tibbi Bərpa İnstitutunda, Pediatriya İnstitutunda çox böyük işlərin aparıldığını deyib. O qeyd edib ki, əvvəllər xarici ölkələrdə səfərlərdə olarkən orada olan klinikalara, tibbi avadanlıqlara həsrətlə baxırdıqsa, bu gün ölkə klinikalarındakı şərait inkişaf etmiş ölkələri də geridə qoyur: "Ürək-damar cərrahiyyəsi əvvəlki illərlə müqayisədə çox yüksək səviyyədədir. Əvvəllər bu sahə daim Milli Məclisdə müzakirə olunurdu, çoxlu iradlar bildirilirdi. Bu gün xüsusi diqqət və qayğı sahəsində kardiocərrahiyə sahəsi inkişaf edib və təkmilləşmiş mütəxəssislərimizin sayı xeyli artıb".

Urologiya sahəsinə də toxunan O.Şirəliyev hazırda ölkəmizdə 30 dializ mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb: "Belə ki, 2013-cü il ərzində ölkə başcısının xüsusi tapşırığına əsasən, nazirlər və komitə rəhbərləri bölgələrdə olub, vətəndaşların şikayət və iradlarını dinləyirdi. Həmin qəbullar zamanı dializlə əlaqəli elə bir ciddi şikayətlər olmamışdır. Xəstələr dializ almaq üçün artıq həftədə üç dəfə Bakıya gəlmək məcburiyyətində qalmırlar".

Səhiyyə naziri psixi sağlamlıq mövzusuna da toxunub. Qeyd edib ki, sovetlər dövründə bu sahə çox qapalı olduğu üçün psixi sağlamlıq mövzusu nisbətən diqqətdən kənar qalmışdı. Lakin bu gün bu sahəyə xüsusi diqqət ayrılır: "Psixi xəstələrin müalicə aldığı xəstəxanalara daxil olarkən xəstələrin necə həvəslə xəstəxana həyətində gül əkdiyini, yaxud onların əylənməsi baxımından nəzərdə tutulmuş müəyyən bir işlə məşğul olduğunu görürsən. Bu da onların müalicəsində böyük rol oynayır. Hazırda regionlarda da psixi-sağlamlıq mərkəzləri yaradılır".

O.Şirəliyevin sözlərinə görə, uşaqların icbari dispanzerizasiyaya cəlb olunması gələcəkdə onların yetkinlik yaşına çatanda sağlam olmasına çox böyük zəmin yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti