...

"Bakı Metropoliteni" QSC ticarətlə məşğul olan şəxslərlə icarə müqavilələrini uzatmayacaq

Cəmiyyət Materials 11 Mart 2014 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend/

"Bakı Metropoliteni" QSC metropoliten ərazisində ticarətlə məşğul olan şəxslərlə icarə müqavilələrini uzatmayacaq.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi qarşıya qoyulan ən əsas məqsədlərdəndir.

Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində müəyyən edilib ki, metropolitenin stansiyalarının ərazisi ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilib. Hazırda icarə müqavilələrinin müddəti bitdiyindən həmin şəxslərə müqavilələrin müddətinin qanunvericiliyə uyğun olaraq uzadılmayacağı barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, təhlükəsizlik tədbirlərinin görülməsi üçün "Bakı Metropoliteni" QSC ərazisində ticarət obyektlərinin bağlanması barədə göstəriş verilib. Trend-in məlumatına görə, bununla bağlı ticarətlə məşğul olan bir qrup vətəndaş metropolitenin Baş İdarəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Polislər tərəfindən aksiyanın qarşısı alınıb.

Metropolitenin rəhbərliyi etiraz edənlərin bir qismini qəbul edib. Qəbuldan çıxan etirazçıların sözlərinə görə, görüş zamanı qərara alınıb ki, hələlik onların fəaliyyəti üçün bir həftə vaxt verilsin. Bir həftədən sonra etirazçıları yenidən qəbul edəcəklər və danışıqlar davam etdiriləcək.

Xatırladaq ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti