Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir İ.İzzət/
Martın 19-dan 25-dək paytaxtda dayanma, durma, parklanma qaydalarının pozulmasına görə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin göstərişi əsasında idarənin bölmə və şöbə əməkdaşlarından ibarət qrup tərəfindən 3800 inzibati ptotokol tərtib edilib. Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, aparılan təhlil nəticəsində məlum olub ki, bu günədək eyni xətanı törətdiyi üçün həftə ərzində 81 nəfər barəsində 2 dəfə, 136 nəfər barəsində isə 4 dəfəyə qədər təkrar protokol tərtib edilib: "Yəni 217 nəfər etdiyi hərəkətlərlə nə qanunu, nə də yol polisini saydıqlarını göstərirlər. Onlar eyni xətanı təkrar etməklə bildirmək istəyirlər ki, bu qaydalar onlara aid deyil və bu xətalara görə edilən cərimələri ödəməyə imkanları var".
V.Əsəsdov bildirib ki, dayanma, durma, parklanma qaydalarının pozulması dedikdə əsasən nəqliyyat vasitələrinin yolların hərəkət hissəsində, yolun ikinci cərgəsində, piyada səkilərində, yolların kəsişmə hissəsində, avtobus dayanacaqlarında saxlanması nəzərdə tutulur.
Bölmə rəisi qeyd edib ki, hazırda yol polisi tərəfindən reydlər davam etdirilir.