Azərbaycan, Bakı, 28 mart /Trend/
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə qəbul martın 28-də Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilmişdir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləmişdir.
DGK-nın struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda komitənin səlahiyyətlərinə aid olan müraciətlərin bir qismi yerindəcə öz müsbət həllini tapmışdır. DGK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınmışdır.