...

Azərbaycanın Dubaydakı keçmiş konsulu Ukraynada yeni yaradılan Qafqaz xalqları Konqresinin rəhbəri seçilib

Cəmiyyət Materials 2 Aprel 2014 21:58 (UTC +04:00)
Azərbaycanın Dubaydakı keçmiş konsulu Ukraynada yeni yaradılan Qafqaz xalqlarından ibarət cəmiyyətin başına gətirildi.
Azərbaycanın Dubaydakı keçmiş konsulu Ukraynada yeni yaradılan Qafqaz xalqları Konqresinin rəhbəri seçilib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Azərbaycanın Dubaydakı keçmiş konsulu Ukraynada yeni yaradılan Qafqaz xalqlarından ibarət cəmiyyətin başına gətirildi.

Yeni yaradılan Ukrayna Qafqaz Xalqları Konqresindən (UQXK) Trend-ə verilən məlumata görə, bu, Azərbaycanın bu yaxınlara qədər Dubaydakı vitse - konsulu olan Paşa Məmmədovdur (İlisuyiski).

UQXK özündə azərbaycanlıları, gürcüləri, çeçenləri, osetinləri, abxazları, ləzgiləri, inquşları və digər Qafqaz mənşəli xalqları təmsil edən cəmiyyətləri birləşdirir.

Erməni cəmiyyətləri UQXK elan olunan zaman rəhbərliyə milliyətcə azərbaycanlının seçildiyi üçün bura dərhal qoşulmaqdan imtina edib və bu barədə qərar vermək üçün fikirləşəcəklərini bildirib. Yeni yaradılan Konqres ölkədə yaşayan Qafqaz xalqlarının Ukraynanın ictimai - siyasi həyatında, parlament seçkilərində yaxından iştirakının təmin edilməsini qarşıya məqsəd qoyub.

UQXK - nin rəhbərliyinə seçilən Paşa Xəyyam oğlu Məmmədov (İlisuyiski) 9 fevral 1977 - ci ildə Moskvada ziyalı azərbaycanlı ailəsində anadan olub.

Bakıda "Azərbaycan" Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, ABŞ - ın Kaliforniya ştatında Dilçilik Kollecini, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alan P. Məmmədov 2003- 2009 - ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə, o cümlədən nazirliyin Həmkarlar İttifaqının sədr müavini vəzifəsində işləyib.

P. Məmmədov 2009 - cu ilin fevralında Azərbaycanın Dubayda vitse - konsulu təyin edilib və 2010 - cu ilin sentyabr ayına kimi bu vəzifədə çalışıb. Öz ərizəsi ilə tutduğu vəzifədən azad olub. Hazırda Kiyevdə yaşayır, Yaxın Şərq korporasiyalarının şərqi Avropa üzrə konsultantıdır və iri biznes layihələrinin sahibidir.

P. Məmmədov diplomatik fəaliyyətinə görə dövlət tərəfindən bir sıra təltiflərə layiq görülüb, eyni zamanda Azərbaycan Prezidentinin 2003 və 2008 - ci illərdə inaqurasiya mərasiminin yüksək səviyyədə təşkilinə görə xüsusi təşəkkürnaməyə layiq görülüb.

Atası Xəyyam Məmmədov Azərbaycanın ağciyər xəstəlikləri üzrə tibb alimidir, eyni zamanda 1993 - 2002 - ci illərdə Qax rayon İcra hakimiyyətinin başçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti