...

"Şəffaflıq Azərbaycan" İB-nin boykot olunması təklif edilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 2 May 2014 13:02 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov "Transparency İnternational” təşkilatının Azərbaycandakı milli bölməsi olan “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin hesabatını qərəzli və uydurma adlandırıb.
"Şəffaflıq Azərbaycan" İB-nin boykot olunması təklif edilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.Mehdiyev/

Milli Məclisin sədri Oqtay Əsədov "Transparency İnternational" təşkilatının Azərbaycandakı milli bölməsi olan "Şəffaflıq Azərbaycan" İctimai Birliyinin hesabatını qərəzli və uydurma adlandırıb.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında hesabata münasibət bildirən spiker qeyd edib ki, çox təəssüf ki, həmin təşkilat araşdırmaçılıqla yox, ara qarışdırmaqla məşğuldur: "Bu hesabatda küçə yazıları yazılıb. Millət vəkilləri bu cür məsələlərdə diqqətli olmalıdırlar".

Millət vəkili Əli Hüseynli isə "Şəffaflıq Azərbaycan" İctimai Birliyinin boykot olunmasını təklif edib. Ə.Hüseynli bildirib ki, bu hesabat layihəsində parlamentə aid hissədə yalan, əsassız və böhtan dolu materiallar əksini tapıb.

Millət vəkili qeyd edib ki, təşkilatlar hesabat hazırlayarkən barəsində hesabat yazdığı təşkilatların da rəyini almalıdırlar: "Ancaq təəssüflər olsun ki, onun rəhbəri Rəna Səfərəliyeva Azərbaycan dövlətçiliyi əleyhinə yönələn fəaliyyətlər ortaya qoyur. Məsələn, bu günlərdə Leyla Yunusun 100 minlərlə manat vəsaiti nağdlaşdırmasında Rəna Səfərəliyevanın özü də iştirak edib. Hesab edirəm ki, təşkilatın baş ofisi Azərbaycandakı ofisi ilə əməkdaşlığı dayandırmalı və Azərbaycan parlamentinin nümayəndələri də onların tədbirlərində iştirak etməməlidirlər".

Millət vəkili Siyavuş Novruzov deyib ki, ermənilərə çalışan insanlara qarşı işlər görülməlidir: "5-ci kalonun nümayəndələrinə qarşı işimizi ciddi qurmalıyıq ki, vətənimizə xəyanət edən insanlar ifşa olunsunlar. Azərbaycan dövlətçiliyinə qarşı çıxış edənlər mütləq layiqli cəzalarını almalıdırlar".

Millət vəkili "Şəffaflıq Azərbaycan" İctimai Birliyinin parlamentin işi ilə bağlı dərc etdiyi hesabat layihəsinə münasibət bildirərkən deyib: "Şəffaf olmayan təşkilat beynəlxalq şəffaflıqdan danışır. Oğurluqla məşğul olan təşkilat parlament haqqında həqiqəti əks etdirməyən məlumatlar dərc etdirir. Ona görə də buna qarşı ciddi addımlar atılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti