...

Gəncədə “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsinin icrasına başlanılıb (FOTO)

Cəmiyyət Materials 9 May 2014 11:15 (UTC +04:00)
Azərbaycanda daşınmaz əmlak sektorunda növbəti böyük layihəyə həyata keçirilir. Layihənin rəhbəri Klaus Buschhoffun verdiyi məlumata görə Azərbaycan və Almaniya hökumətləri arasında müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsinin icrasına artıq başlanıb.
Gəncədə “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsinin icrasına başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend/

Azərbaycanda daşınmaz əmlak sektorunda növbəti böyük layihəyə həyata keçirilir. Layihənin rəhbəri Klaus Buschhoffun verdiyi məlumata görə Azərbaycan və Almaniya hökumətləri arasında müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsinin icrasına artıq başlanıb.

Trend-in məlumatına görə, bu layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin icraçısı Almaniyanın GFA/GCİ konsorsiumudur.

Klaus Buschhoff bildirib ki, Gəncədə pilot bir ərazi seçilib və artıq 3 həftədir ki, həmin ərazidə çöl yer ölçmə işləri aparılır. Gəncə şəhəri şərti olaraq 10 layihə ərazisinə bölünüb, bunların birində - "Gülüstan" qəsəbəsində yerləşən ərazidə işlərə strat verilib. Sonrakı aylarda bu işlər digər ərazilərdə də aparılacağı bildirilir.

"Belə güman edirik ki, işlər bu formada getsə artıq 2 aydan sonra pilot ərazidə işləri yekunlaşdırıb təhvil verəcəyik. Həmin pilot ərazidə yerləşən vətəndaşa məxsus torpaq sahələrinə gedilərək həmin torpaq sahibində torpağa məxsus olan sənədlərinə baxılır və sənədlər üzrə hansı sahələr varsa o sahələrdə ölçmə işləri aparılır" deyə Klaus Buschhoff bildirib.

Onun sözlərinə görə, yerölçmə işlərinin hansı məqsədlə aparılması barədə məlumat öncədən informativ vərəqələr formasında yayılır. Müsahib hazırda yerli əhalinin bu işlərin aparılmasında çox maraqlı olduğunu bildirib.
Məlumata görə layihənin birinci mərhələsi 2011-ci ildə həyata keçirilib. Həmin vaxt pilot xarakteri daşıyan işlər Gəncənin "Yeni Gəncə" adlanan ərazisini və Şəkinin Zəyzid və Kiş kəndlərini əhatə edirdi. Layihənin indiki mərhələsi isə Gəncə və Şəkinin bütün ərazisini, yəni 250 min hektarı əhatə edəcək. Layihə çərçivəsində çöl-ölçmə işləri aparılacaq və bu göstəricilər elektron bazada qeyd ediləcək. Eləcə də, Gəncədə və Şəkidə əhaliyə məxsus olan bütün daşınmaz əmlakların (ev, mənzil, torpaq sahəsi, kommersiya obyekti) sənədləri öyrəniləcək.

Layihənin rəhbəri Klaus Buschhoff bildirir ki, "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsinin həyata keçirilməsi bir neçə mühüm məsələyə yardım edəcək. "İlk növbədə, adı çəkilən ərazidə, yəni Gəncə və Şəkidə daşınmaz əmlaklarla bağlı bütün məlumatlar - onların yeri, koordinatları və ölçüləri müasir texnologiyalar vasitəsilə tamamilə dəqiqləşəcək. Yəni bununla bağlı indiyədək ortaya çıxan anlaşılmazlıqlar və qeyri-dəqiqliklər aradan qalxacaq. Əhalinin əmlak sənədlərinin öyrənilməsi nəticəsində daşınmaz əmlakın sənədləşdirilməsinin hansı səviyyədə olduğu müəyyən ediləcək. Bu isə, Gəncə və Şəki əhalisi üçün özəlləşdirilmiş torpaq və daşınmaz əmlakdan səmərəli istifadə etməyə imkan verəcək" deyən Klaus Buschhoff bildirib ki, layihə zamanı toplanan məlumatlar daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesində bu gün mövcud olan bir sıra problemlərin həllinə kömək edəcək. Daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı prosedurlar sadələşdiriləcək, qeydiyyata sərf olunan vaxt azalacaq, məlumatların dəqiqliyi təmin olunacaq. Nəticədə əhaliyə göstərilən xidmət səviyyəsi, habelə şəffaflıq və operativlik daha da artacaq. Nəhayət, daşınmaz əmlaklarla bağlı məlumatların tamamilə dəqiqləşməsi həmin obyektlər üzrə əmlak vergilərinin hesablanmasına və yığılmasına imkan yaradacaq.

Layihə 2016-cı ilin may ayına kimi davam edəcək. Bütövlükdə layihənin icra müddəti 30 aydır. Bu müddətdə həm Almaniyadan olan məsləhətçilər, həm də yerli, özəl şirkətlər layihənin icrasında birbaşa iştirak edəcəklər.

Qeyd edək ki, adı çəkilən konsorsium analoji layihələri Avropa ölkələrində də həyata keçirib. Bura Şərqi Avropa, Bosniya və Hersoqovina, Kosova və Rumıniyada daxildir. Eyni zamanda belə layihələr Cənubi Amerika, həmçinin Vyetnam, eləcə də Afrika qitəsi kimi regionlarda da reallaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti