Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/
Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə İnsan hüquqları aylığı keçiriləcək.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. E.Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir.
Aylığın məqsədi insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir.
Bu ay çərçivəsində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın müddəalarına əsaslanmaqla, ölkəmizin bütün regionlarında dövlət qurumları, QHT və KİV-lər, beynəlxalq təşkilatlar, icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunur.
İnsan hüquqları ilə bağlı qurumlar, habelə dövlət orqanları, QHT-lər və digər müvafiq təşkilatlar ötən il ərzindəki fəaliyyətlərində olan irəliləyişlər və problemlər üzrə müxtəlif tədbirlər və müzakirələr təşkil edəcək, aylıq çərçivəsində keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək maarifləndirmə tədbirləri haqqında məlumatları, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflərini ombudsmana təqdim edəcəklər.
Həmin aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək.
Müvəkkil tərəfindən və YUNESKO-nun dəstəyi ilə 2014-cü il 18 may-18 iyun tarixlərində Bakı şəhərində keçiriləcək "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı İnsan hüquqları aylığının mühüm tədbiri olacaq.