Azərbaycan, Bakı, 14 may /Trend/
Vergilərlə bağlı biliklərin daha dərindən mənimsənilməsinin stimullaşdırılması məqsədilə may ayının 14-də Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə Bakı şəhərinin orta məktəblərinin şagirdləri arasında "Vergilər" bilik müsabiqəsi keçirilib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müsabiqədə 3 yaş qrupuna aid 3-5, 6-8 və 9-11-ci siniflərdə təhsil alan və 60-dan çox məktəbi təmsil edən şagirdlər iştirak ediblər.
Test üsulu ilə keçirilən müsabiqə yekunlaşdıqdan sonra qaliblər müəyyən edilib və müvafiq yaş qrupları və siniflər üzrə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
Müsabiqədə I yaş qrupu üzrə (III-V siniflər) Xətai rayonu 63 saylı məktəbinin 4-cü sinif şagirdi Murad Əliyev 1-ci yerin, Binəqədi rayonu 83 saylı orta məktəbin 5-ci sinif şagirdi Əminə İslam 2-ci yerin, Nərimanov rayonu 258 saylı məktəbin 4-cü sinif şagirdi İlham Süleymanlı 3-cü yerin qalibi, II yaş qrupu üzrə (VI-VIII siniflər üzrə) Yasamal rayonu 225 saylı məktəbin 7-ci sinif şagirdi Elmira Məmmədova 1-ci yerin, Səbail rayonu 51 saylı məktəbin 6-cı sinif şagirdi Asəf Əliyev 2-ci yerin, Binəqədi rayonu 126 saylı məktəbin 8-ci sinif şagirdi Tuncay Məhəmmədli 3-cü yerin qalibi, III yaş qrupu üzrə (IX-XI siniflər üzrə) Qaradağ rayonu 253 saylı məktəbin 9-cu sinif şagirdi Elcan Alməmmədov 1-ci yerin, Nəsimi rayonu 16 saylı məktəbin 10-cu sinif şagirdi Müseyib Şirəliyev 2-ci yerin, Xətai rayonu 269 saylı məktəbin 10-cu sinif şagirdi Samir Salahov 3-cü yerin qalibi olub.
Tədbirdə Bakı Şəhəri Vergilər Departamentinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.