...

Dünyanın gənc alimləri Bakıda toplanır

Cəmiyyət Materials 26 May 2014 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend/

"Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumu mayın 27-də öz işinə başlayacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO-nun Azərbaycan Milli Komissiyası, "Eurodoc" Avropanın Gənc Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətidi tərəfindən təşkil olunan forumun keçirilməsində məqsəd müxtəlif ölkələrin elm nümayəndələri arasında əməkdaşlığın və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, təcrübə və yeni ideyaların mübadiləsi üçün əlverişli şəraitin yaradılması, yeni əlaqələrin qurulmasıdır.

Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun keçirilməsi ilə bağlı ilk təklif 2013-cü ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində keçirilmiş "Avropa məkanında yeni çağırışlar" Gənc Alimlərin Beynəlxalq Bakı Forumunda səsləndirilib.

Xatırladaq ki, ötən il keçirilmiş forumda 350-dən çox gənc alim iştirak edib və onlardan 172 nəfər 32 Avropa ölkəsindən qatılmışdı.

Qarşıdakı forumda iştirakla bağlı dünyanın 96 ölkəsindən 1100, Azərbaycandan isə 250-dən çox ərizə qəbul edilib. Aparılan seçimin nəticələrinə əsasən Forumda ümumilikdə 400-ə yaxın gənc alim iştirak edəcəkdir.

Forumda YUNESKO-nun Baş Konfransının sədri, YUNESKO-nun Çin Milli Komissiyasının direktoru və Çin təhsil nazirinin müavini Hao Ping, Çernoqoriya Elm və İncəsənət Akademiyasının prezidenti Momir Curoviç, Barselonanın Elmlər Akademiyasının prezidenti Xaima Qil Aluksa kimi rəsmi qonaqlar da iştirak edəcəklər.

Daha sonra iştirakçılar 3 paralel sessiyalarda xarici ölkələrdən dəvət olunmuş spikerlərin çıxışlarını dinləyəcəklər. Tədbirin proqramına əsasən növbəti gün, mayın 28-də Forum öz işini elmin 5 əsas istiqaməti - dəqiq və texniki elmlər, tibb, biologiya və kimya, iqtisadiyyat və sosiologiya, ekologiya və kənd təsərrüfatı, tarix, fəlsəfə və mədəniyyət istiqamətləri üzrə seksiyalarda müzakirələrlə davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti