...

Azad Rəhimov: Hazırkı dövrdə gənc alimlər 5-10 il əvvəlki dövr ilə müqayisədə daha geniş imkanlara malikdirlər

Cəmiyyət Materials 27 May 2014 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/

Hazırkı dövrdə gənc alimlər 5-10 il əvvəlki dövr ilə müqayisədə daha geniş imkanlara malikdirlər. Trend-in məlumatına görə, bunu bu gün Bakıda öz işinə başlayan "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" mövzusunda Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunda çıxışı zamanı gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazir deyib: "Bu gün siz ən son innovasiyalar və ən müasir tədqiqatlardan yalnız bir "klik" qədər uzaqdasınız. Nüfuzlu elm mükafatlarının laureatları, dünya şöhrətli alimlər, görkəmli elmi işlərin müəllifləri də bu gün artıq əlçatmaz deyillər. İndiki dövrdə istənilən kəsi və istənilən məlumatı tapmaq mümkündür".

A.Rəhimov deyib ki, dünya ölkələrinin də elmi inkişafa göstərdiyi dəstək gündən-günə artmaqdadır. Müxtəlif ölkələrdə gənc alim və tədqiqatçıların yerli təşkilat və birlikləri yaradılır, uğurlu fəaliyyət göstərir: "Azərbaycanın timsalında bunu daha aydın görmək mümkündür. Bu gün ölkəmizdə elm yeni mərhələdə inkişaf edir. 2009-cu ildə Prezident İlham Әliyev tərəfindən "Azərbaycanda Elmin İnkişafı Strategiyası" imzalanıb".

Onun sözlərinə görə, rəhbəri olduğu nazirlik gənclər arasında elmin populyarlaşmasında fəal rol oynayır. Nazir qeyd edib ki, əsas məqsəd gənc nəslin elmə marağını artırmaqdır: "İnanırıq ki, Bakı Forumunun iştirakçıları gələcək nəsillərdə bu marağı oyada, onları öz arxalarınca apara biləcəklər. Dünya forumunun əsas məqsədi dünya gənc alimlərini bir araya gətirərək müxtəlif ölkə və sahələrin nümayəndələri arasında iş birliyinin yaradılması, mövcud gənc alimlər şəbəkələrinə dəstəyin verilməsidir. Forumdan gözlədiyimiz budur ki, o, Azərbaycan tədqiqatçıları və alimlərinin dünya elminə inteqrasiyasını sürətləndirəcək və mövcud alimlər şəbəkələrinin işinə öz töhfəsini verəcək".

Qeyd edək ki, iki gün davam edəcək forumun təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO-nun Azərbaycan Milli Komissiyası, "Eurodoc" Avropanın Gənc Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətidir.

Tədbirin açılışında Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti