Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/
Bu gün Azərbaycanda gənc alimlərlə bağlı əsas problem onların xarici dil bilmə bacarıqları və beynəlxalq elmi mühitə inteqrasiya olunmaları ilə bağlıdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib.
Akademiya prezidenti gənc alimlərin püxtələşməsini vacib sayıb: "Bu gün Azərbaycanın gənc alimlərinin əsas problemi dünya elminə inteqrasiya ilə bağlıdır, bu məsələdə əsas problem isə xarici dil məsələsidir. Dili yalnız hansısa xarici dil kurslarında öyrənməklə kifayətlənmək olmaz. Xarici dili bilmək üçün mütləq münasib təmasda olmaq, xarici ölkə alimləri ilə kontaktlar qurmaq lazımdır. Beynəlxalq mühitdə, laboratoriyalarda iştirak zamanı dili mənimsəmək olar. Bu baxımından da hesab edirik ki, gənc alimlərin əsas problemi beynəlxalq elmi mühitə inteqrasiyadır".
A.Әlizadə qeyd edib ki, gənc alim dünyanın başqa ölkələrinin gənc alimləri ilə təmas qurub onlarla şərikli tədqiqatlar aparmalıdır.
Qeyd edək ki, iki gün davam edəcək forumun təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO-nun Azərbaycan Milli Komissiyası, "Eurodoc" Avropanın Gənc Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətidir.