...

Allahşükür Paşazadə: Səudiyyə Ərəbistanı verdiyi sözə həmişə əməl edib (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 5 İyun 2014 12:50 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Azərbaycan müstəqillik əldə etdikdən sonra verdiyi sözünə həmişə əməl edib.
Allahşükür Paşazadə: Səudiyyə Ərəbistanı verdiyi sözə həmişə əməl edib (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

"Səudiyyə Ərəbistanı Azərbaycan müstəqillik əldə etdikdən sonra verdiyi sözünə həmişə əməl edib. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Qarabağı işğal etməsi məsələsində həmişə bizim yanımızda olub". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən dəfələrlə Səudiyyə Ərəbistanı ilə əlaqələr qurulmasına, səfirliklərin açılmasına cəhd göstərilib: "Lakin Səudiyyə Ərəbistanı söz verdiyi kimi, qardaşlığını davam etdirir. Buna görə mən Azərbaycan xalqı adından sizə minnətdarlığımı bildirirəm".

QMİ sədri qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələr daim inkişaf edir. Bu sahədə hər iki ölkənin səfirliklərinin xüsusi rolu var.

QMİ sədri Səudiyyə Ərəbistanına etdiyi səfərləri, həmçinin ümummilli lider Heydər Əliyevlə birlikdə Məkkədə müqəddəs Kəbə Evininin içini ziyarət etdiklərini xatırladıb.

A.Paşazadə deyib ki, Sovet dövründə Azərbaycanda 17 məscid var idisə, hazırda onların sayı 2 minə yaxındır. Eləcə də ölkədə sinaqoq və kilsələr fəaliyyət göstərir. Bunlar hamısı ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində mümkün olub.

Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycanla dostluq qrupunun 9 nəfərlik nümayəndə heyətinin rəhbəri Abdulla ibn Muhəmməd Ən-Nasir isə səmimi sözlərinə görə QMİ sədrinə təşəkkür edib.

O, həmçinin bildirib ki, iki ölkə arasında əlaqələrin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olub.

Abdulla ibn Muhəmməd Ən-Nasir daha sonra İslam dininin dünyada təşəkkül tapmasından söz açıb və bütün müsəlmanların qardaş olduğunu deyib: "Biz həmişə deyirik ki, yalnız Allaha pənah aparırıq. Bununla qeyd edirik ki, İslam dini elə bir dindir ki, orada məcburiyyət, nəyisə kiməsə məcburən qəbul etdirmək yoxdur. Zülm yoxdur. Zülm kafirlik əlamətidir. İslam dini elə bir dindir ki, Allahla insan arasında heç bir vasitəçi qərar vermir. Əgər insan əllərini qaldırıb "Allahu Əkbər!" deyirsə, deməli, o, yanız Allahın birliyini və ilahiliyini qəbul edir. Müəyyən dövlətlər siyasi quruluşlarına görə bir-birindən ayrılsa da, onlar hamısı ümumi bir İslam ümmətini təşkil edir və onlar hamısı qardaşdırlar. Qafqaz regionunda yaşayan xalqlar da İslam mədəniyyətinə və sivilizasiyasına çoxlu töhfələr veriblər. Qafqaz alimlərinin verdiyi töhfələrin qiyməti ölçülməzdir".

O, həmçinin bildirib ki, İslam dini yəhudi və xristianlara qarşı həmişə tolerantlığı ilə seçilib.

Onun sözlərinə görə, İslam ümməti elə bir ümmətdir ki, burada insanlar bir-biri ilə mərhəmət və sevgi üzərində əlaqələr qururlar, çünki müsəlmanlar vahid bədən kimidirlər. Lakin onun fikrincə, müsəlmanlar arasında parçalanma yaratmaq istəyən qüvvələr də var: "Təəssüflə qeyd edirəm ki, İslam ümmətini dünyada istəməyən bir çox qüvvələr var və onlar İslam dünyasını parçalamaq üzərində iş aparırlar".

Azərbaycanın ağrılı, acılı məsələlərinə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinə gəlincə, ərəb parlamentari qeyd edib ki, Səudiyyə Ərəbistanı əvvəlki mövqeyində durur, yenə də Azərbaycanın yanındadır və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

O, QMİ sədrinə Səudiyyə Ərəbistanı Şura Məclisi sədrinin salamlarını da çatdırıb.

Görüşdə iştirak edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, Azərbaycanın Səudiyyə Ərəbistanı ilə əlaqələri bütün dünyada nümunə kimi göstərilməlidir. O, Səudiyyə Ərəbistanına Azərbaycanı bütün beynəlxalq təşkilatlarda, xüsusən BMT-də müdafiə etdiyi, dəstəklədiyi üçün minnətdarlığını bildirib.

Çıxış edən digər millət vəkilləri də Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək nümayiş etdirdiyinə görə Səsudiyyə Ərəbistanı dövlətinə və xalqına təşəkkürlərini bildiriblər. Deputatlar, o cümlədən gələcəkdə iki ölkənin parlamentləri arasında komitələr səviyyəsində, eləcə də sosial-iqtisadi, aqrar sahədə də əlaqələrin genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıblar.

Milli Məclisin Aqrar siyasət komitəsinin rəhbəri Eldar İbrahinov bildirib ki, gələcəkdə iki ölkənin parlamentləri arasında komitələr səviyyəsində, eləcə də sosial-iqtisadi, aqrar sahədə əlaqələrin genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb: "Səudiyyə Ərəbistanı Azərbaycanda müəyyən torpaqların becərilməsinə maraq göstərir. Biz bu sahədə də əməkdaşlığa hazırıq".

Səudiyyə Ərəbistanı parlamentinin nümayəndələri gələcəkdə İslam dünyasının daha da güclənəcəyini bəyan ediblər. Onların fikrincə, müsəlman dövlətləri hazırda çox zəif olsa da, qarşıda İslam dünyasını çox parlaq gələcək gözləyir.

Nümayəndə heyətinin rəhbəri Abdulla ibn Muhəmməd Ən-Nasir Səudiyyə Ərəbistanının Azərbaycanın kənd təsərrüfatı sektoruna sərmayə yatırılmasına maraq göstərdiyini gizlətməyib: "Səudiyyə Ərəbistanı ərzaq təhlükəsizliyinə böyük maraq göstərir. Bu məqsədlə xaricdə investisiya qoymağa can atır. İnvestisiyanı özəl sektorun nümayəndələri özü də bunun üçün münbit şərait olan ölkələrə qoyur".

Görüşdə Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı dostluq qrupunun üzvləri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti