...

Azərbaycanda bəbirlərin parçaladığı mal-qaranın sahiblərinə kompensasiyaların ödənilməsi təklif edilir

Cəmiyyət Materials 11 İyun 2014 16:56 (UTC +04:00)
Azərbaycanda bəbirlərin parçaladığı mal-qaranın sahiblərinə bunun əvəzinə müxtəlif kompensasiyaların ödənilməsi təklif edilir. Bunu Trend-ə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyinin əlaqələr və əməkdaşlığın inkişafı üzrə meneceri Sevinc Saruxanova deyib.
Azərbaycanda bəbirlərin parçaladığı mal-qaranın sahiblərinə kompensasiyaların ödənilməsi təklif edilir

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bəbirlərin parçaladığı mal-qaranın sahiblərinə bunun əvəzinə müxtəlif kompensasiyaların ödənilməsi təklif edilir. Bunu Trend-ə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyinin əlaqələr və əməkdaşlığın inkişafı üzrə meneceri Sevinc Saruxanova deyib.

Bəbirin nadir növ kimi Azərbaycanın Qırmızı Kitabına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısına daxil edildiyini deyən S.Saruxanova əlavə edib ki, Azərbaycanda onun ovlanması 1967-ci ildən qadağan edilib.

Fond nümayəndəsinin sözlərinə görə, yalnız qoruqlarda mühafizə etməklə bəbirləri xilas etmək mümkün olmayacaq, bu heyvanı rast gəldiyi bütün yerlərdə qorumaq lazımdır. Bəbirləri "yox olmaq" təhlükəsindən xilas etmək üçün ilk növbədə dağ meşələrində mal-qaranın otlamasını tənzimləmək, vəhşi cütdırnaqlıların sayını yaşadıqları arealda bərpa etmək, qanunsuz ovçuluqla mübarizə üçün tədbirlər işləyib tətbiq etmək lazımdır: "Bəbirlərin qorunub saxlanmasının əsas yolu onların yem bazasının bərpa olunmasıdır. Vəhşi cütdırnaqlılar olmadığı halda bəbirlər ev heyvanlarına hücum etməyə məcburdurlar. Vəhşi cütdırnaqlıların sayının bərpa olunmasına qədər isə mal-qara sahiblərini bəbiri məhv etməkdən çox onları qorumaqda maraqlı olması üçün digər iqtisadi tədbirlər işləyib hazırlamaq lazımdır. Bəbirlərin parçaladığı mal-qaranın əvəzinə müxtəlif kompensasiyalar ödənilməlidir. Kompensasiyalar elə forma və həcmdə olmalıdır ki, mal-qara sahibləri ziyanverici yırtıcını məhv etmək fikirlərini arxa plana keçirsinlər".

Onun sözlərinə görə, bəbirlər yaşayan ərazilərdə onun mühafizəsi istiqamətində geniş təbliğat və ekoloji maarifləndirmə işi aparmaq lazımdır. Bu istiqamətdə WWF-nin Azərbaycan nümayəndəliyi artıq bir sıra təbliğat işlərinə start verib verib. Bütün bu göstərilən tədbirlər həyata keçirilsə, bəbiri xilas etmək mümkün olacaq. Əks təqdirdə, artıq bir neçə ildən sonra onun nəsli kəsiləcək.

S.Saruxanova deyib ki, Azərbaycanda aparılan son tədqiqatlar nəticəsində respublikamızda yalnız 10-15 bəbir fərdinin olduğu müəyyən edilib. Bəbirlərin sayının azalmasının əsas səbəbi onların yaşayış ərazilərinin və onların qida obyektləri olan vəhşi cütdırnaqlı heyvanların sayının azalması olub. Bəbirləri gözəl qiymətli dərilərinə, ev heyvanlarına hücum etdiyinə görə də ovlayırlar.

Fondun nümayəndəsi qeyd edib ki, bəbirlər otyeyən heyvanların sayını tənzimləməklə onların kütləvi sürətdə artıb yem çatışmazlığından ölmələrinə imkan vermirlər: "Beləliklə, bəbirlər təbiətdəki tarazlığın qorunmasında xüsusi rol oynayırlar. Cənubi və Cənub-Şərqi Asiyada, həmçinin Afrikada bəbirləri məhv etdikdən sonra məlum oldu ki, onların xeyri ziyanından dəfələrlə çox imiş. Bu yırtıcının sayı kəskin sürətdə azaldıqdan sonra çöl donuzları və digər cütdırnaqlıların, həmçinin meymunların sayı intensiv olaraq artmağa başlayıb. Onların tarlalara, əkin yerlərinə vurduqları zərər bəbirin maldarlığa vurduğu ziyandan xeyli çox olub".

Azərbaycanda bəbirlərin qorunması üçün aparılan tədbirlərin gücləndiyini xatirladan S.Saruxanova bildirib ki, bəbirlərin mühafizəsi istiqamətində aparılan işlərdə dövlətin qayğısı artıb və bu məqsədlə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin ərazisi 4 dəfə genişləndirilib: "Bu nadir növün mühafizəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, ətraf mühit üzrə beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü Leyla Əliyevanın diqqət mərkəzindədir və tədqiqat işlərini gücləndirmək məqsədilə WWF-yə öz dəstəklərini göstərirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti