...

Daşkəsəndə dolu yağması nəticəsində 25 nəfər xəsarət alıb (FOTO)

Cəmiyyət Materials 11 İyun 2014 17:24 (UTC +04:00)
Azərbaycanın qərb bölgələrinə dolu yağması nəticəsində onlarla insan xəsarət alıb, evlərə və kənd təsərrüfatına ciddi ziyan dəyib.
Daşkəsəndə dolu yağması nəticəsində 25 nəfər xəsarət alıb (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycanın qərb bölgələrinə dolu yağması nəticəsində onlarla insan xəsarət alıb, evlərə və kənd təsərrüfatına ciddi ziyan dəyib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə ilə yanaşı, ətraf rayonların sakinləri də qeyri-sabit hava şəraitindən ziyan çəkib. Fərdi yaşayış evləri və sosial obyektlərlə yanaşı, bir sıra təsərrüfatlara da ciddi ziyan dəyib.

Daşkəsən rayonu ərazisində güclü dolu ilə müşahidə olunan leysan yağışları sosial obyektlərə, inzibati binalara, fərdi yaşayış evlərinə, dam örtüklərinə, yol, elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, əkin sahələrinə ciddi ziyan vurub.

Dolu vətəndaşlara da xəsarət yetirib. Xeyli sayda rayon sakini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya müraciət edib. Onlardan 5 nəfər stasionar müalicəyə cəlb olunub.

Daşkəsən rayonu ərazisinə yağan güclü dolu evlərlə, sosial obyektlərlə yanaşı, avtomobillərə də ziyan vurub.

Daşkəsən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev deyib ki, xəstəxanaya 20-dən artıq şəxs müraciət edib. Onlara lazımi tibbi yardım göstərilib. Daha ciddi xəsarəti olan 5 nəfər palataya yerləşdirilib. Digər 20 nəfər isə ambulator yardımdan sonra evə buraxılıb.

İri həcmli dolu rayon mərkəzi ilə yanaşı, 20-ə yaxın yaşayış məntəqəsində də fəsadlar törədib. Elektrik və rabitə xətləri sıradan çıxıb, kənd yolları yararsız hala düşüb, fərdi yaşayış evlərinə və zirzəmilərə yağış suları dolub.

Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev bildirib ki, daha çox ziyan dəymiş məntəqələr Əmirvar, Gürbulaq, Quşçu, Zəylik, Kəmərqaya kəndləridir. Eyni zamanda, Daşkəsən şəhərinə və ətraf qəsəbələrə - Mədənçilər, Alünitdağ qəsəbələrinə də xeyli ziyan dəyib.

Güclü külək və dolu Göygöl rayonunda da ciddi fəsadlara səbəb olub. Rayonun dağlıq ərazisində yerləşən Çaykənd, Quşçu, Yenizod, Qarabulaq, Şəhriyar, Zurnabad və digər yaşayış məntəqələrində tufan evlərin dam örtüyünü sıradan çıxarıb, elektrik və rabitə dirəklərini aşırıb, kənd yollarını sel suları yararsız hala salıb. Elektrik enerjisi və rabitədə fasilələr yaranıb.

Hazırda mövcud vəziyyətlə bağlı Göygöl Rayon İcra Hakimiyyətində yaradılan xüsusi komissiya təbii fəlakətin vurduğu ziyanın nəticələrini araşdırır.

Şəmkir və Gədəbəydə də leysan yağışları sonradan dolu ilə əvəzlənib. Təbii fəlakət nəticəsində bəzi kəndlərə enerji verilişi məcburi qaydada dayandırılıb. Daxili imkanlar hesabına elektrik və rabitə xətlərində yaranan fasilələr aradan qaldırılıb, yol təsərrüfatı qaydaya salınıb. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması və dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti