...

Əli Həsənov qaçqın və məcburi köçkünlərlə görüşüb

Cəmiyyət Materials 18 İyun 2014 00:52 (UTC +04:00)
Azərbaycan Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Binəqədi Rayon İcra hakimiyyətində bu rayonda, eyni zamanda digər rayonlarda məskunlaşan məcburi köçkünlərin nümayəndələri ilə görüşüb.
Əli Həsənov qaçqın və məcburi köçkünlərlə görüşüb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Binəqədi Rayon İcra hakimiyyətində bu rayonda, eyni zamanda digər rayonlarda məskunlaşan məcburi köçkünlərin nümayəndələri ilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə məcburi köçkünlərin müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb, problemlərinin həlli üçün tapşırıqlar verilib.

Binəqədi rayonunda Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşən 54 minə yaxın qaçqın və məcburi köçkün yaşayır. Onlar, əsasən rayon ərazisindəki ictimai binalarda, yataqxanalarda və uşaq bağçalarında məskunlaşıblar.

Görüşdə Ə.Həsənov dövlətin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. O, bildirib ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşən soydaşlarımızın problemlərini ölkənin bir nömrəli problemi elan edib və bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirilir.

Baş nazirin müavini bildirib ki, indiyə qədər qaçqın və məcburi köçkünlər üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə, məhəllə salınıb, 180 min nəfərə qədər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti
yaxşılaşdırılıb: "Lakin hələ də çətin şəraitdə yaşayan məcburi köçkünlər çoxdur. Təkcə Bakıda 300 min məcburi köçkün yaşayır və onların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, bu problem mərhələli şəkildə həll olunur".

Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Ə.Həsənov qeyd edib ki, son 10 ildə Azərbaycanı dünyanın birincisinə çevirən Prezident İlham Əliyev mütləq bu problemin də həllinə nail olacaq.

Qəbulda qaçqın və məcburi köçkünlərin problemləri diqqətlə dinlənilib, bir sıra problemlər operativ şəkildə yerindəcə həllini tapıb, bəzi müraciətlər baxılması, araşdırılması və müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Qəbulda Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, eyni zamanda ərazisi işğal altında olan rayonların İcra Hakimiyyətləri Başçılarının müavinləri iştirak edirdilər. Qəbulda, ümumilikdə 500 nəfərdən çox məcburi köçkün vətəndaşın
müraciəti dinlənilib.

Ə.Həsənov əlavə edib ki, Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də davamlı olaraq ayrı-ayrılıqda görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti