Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlkin İzzət/
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi nəzərdə tutulur.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olmuş qanun layihəsinə əsasən, qanunun 22-ci, 33-cü və 44-cü maddələrinin birinci hissəsinin ikinci cümləsində "6" rəqəminin "12" rəqəmi ilə əvəz edilməsi təklif edilir.
Yəni rayon (şəhər), inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələrinin tərkibi ilə bağlı bu maddələrə edilən dəyişikliklərə əsasən, tərkibində 12 və daha çox hakim olan məhkəmələrdə sədr müavini vəzifəsi təsis edilir.
Mövcud variantda isə rayon (şəhər), inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələrinin tərkibi ilə bağlı bu maddələrə edilən dəyişikliklərə əsasən, tərkibində 6 və daha çox hakim olan məhkəmələrdə sədr müavini vəzifəsi təsis edilir.
Yəni dəyişikliyə görə, tərkibi 12 hakimdən az olan rayon (şəhər), inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələrində məhkəmə sədrinin müavini olmayacaq.
Artıq "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına çıxarılması tövsiyə olunub.
Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclasının iyunun 20-də keçirilməsi nəzərdə tutulur.