Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İlkin İzzət/
Türkiyənin mədəniyyət və incəsənət xadimləri Tovuzda ön cəbhədə yerləşən əraziləri ziyarət edib və Ermənistanın vandalizm aktları ilə yaxından tanış olublar.
Milli Məclisin üzvü Qənirə Paşayeva Trend-ə bildirib ki, onun rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin təşkilatçılığı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə ölkəmizə səfər etmiş Türkiyənin mədəniyyət və incəsənət xadimləri Ağdam kəndi daxil olmaqla, Tovuzun ön cəbhə kəndlərini ziyarət edib, yerli sakinlərlə görüşüblər.
Türkiyənin mədəniyyət və incəsənət xadimləri, sənətçiləri Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən ön cəbhə nöqtələrində, kəndlərində olublar. Burada Türkiyə nümayəndə heyətinə müharibə dövrü ilə yanaşı, atəşkəs dövründə də Tovuzun ön cəbhə kəndlərinin yaşadıqları çətinliklər barədə geniş məlumat verilib.
Qonaqlara Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülki sakinlərinə zərər vurması, insanların neçə illərdir kənd qəbiristanlığını ziyarət etməyə imkan verməməsi, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbiristanlıq salma məcburiyyətində qalması, həmin qəbiristanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan silahlı qüvvələrinin yandıraraq məhv etməsi, kənd sakinlərini suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməməsi, payızda otların qurumağa başladığı vaxt kəndə yaxın ərazilərə silahlardan atəş açaraq yanğın törətməsi, bir sözlə, insanlığa sığmayan əməllərini davam etdirməsi, Tovuz rayonu, onun sakinlərinin müharibə dövründə göstərdiyi qəhrəmanlıqlar, verdiyi şəhidlər və Milli qəhrəmanları haqqında ətraflı məlumat verilib.
Türkiyənin mədəniyyət və incəsənət xadimləri, sənətçiləri yerli sakinlərlə söhbət edib, Ermənistanın törətdiyi vandalizm aktlarını kəskinliklə qınadıqlarını bildirib və hər zaman Azərbaycanın yanında olduqlarını və olacaqlarını deyiblər. Sənətçilər ön cəbhə rayonu Tovuzda qardaşlarımıza mənəvi dəstək olmaq üçün konsert proqramı ilə çıxış etməkdən böyük məmnunluq duyduqlarını bildiriblər.
Türkiyənin mədəniyyət və incəsənət xadimləri, sənətçiləri Tovuz rayonundakı tarixi-mədəni abidələri də ziyarət edərək rayonun tarixi və bu günü ilə yaxından tanış olublar.