...

Azərbaycanın Niderlanddakı səfriliyində “dəyirmi masa” təşkil edilib

Cəmiyyət Materials 16 İyul 2014 10:19 (UTC +04:00)
Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində Klingendal Beynəlxalq Əlaqələr İnstitutunun təşkil etdiyi Cənubi Qafqaz regionundan olan diplomatlar üçün treyninq proqramının iştirakçıları və Benilüks Azərbaycanlıları Konqresinin gənc üzvləri ilə “dəyirmi masa” təşkil olunub.
Azərbaycanın Niderlanddakı səfriliyində “dəyirmi masa” təşkil edilib

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində Klingendal Beynəlxalq Əlaqələr İnstitutunun təşkil etdiyi Cənubi Qafqaz regionundan olan diplomatlar üçün treyninq proqramının iştirakçıları və Benilüks Azərbaycanlıları Konqresinin gənc üzvləri ilə "dəyirmi masa" təşkil olunub.

Səfirlikdən Trend-ə verilən mlumata görə, tədbirdə Azərbaycandan və Gürcüstandan olan gənc diplomatlar, Klingendal Beynəlxalq Əlaqələr İnstitutunun professor heyəti, Niderlandda fəaliyyət göstərən aparıcı diaspor təşkilatları - Benilüks Azərbaycanlıları Konqresi, Niderland Krallığında yaşayan gənc azərbaycanlı mütəxəssislər və Səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbiri Səfirliyin müşaviri Aliyə Ağazadə giriş nitqi ilə açaraq qonaqları salamlayıb, Azərbaycanın xarici siyasətinin uğurlarından danışıb. O, cari ilin iyul ayının 7-də Xarici İşlər Nazirliyində keçirilmiş Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsinin əsas məqamlarını diqqətə çatdırıb, müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı əsasında Azərbaycan diplomatlarının qarşısına qoyulan məqsədlər barədə iştirakçıları məlumatlandırıb, Azərbaycan diplomatiyasının prinsipial və müstəqil olması, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayının artması, Azərbaycanın dünyada özünün etibarlı dost və tərəfdaş kimi təsdiq etməsi, Azərbaycanın müsbət beynəlxalq imici, ölkənin uğurlu enerji siyasəti və bu xüsusda digər vacib məqamlara toxunub.

Bundan əlavə, ölkənin daxili, xarici, iqtisadi, sosial inkişafı, ordu quruculuğu sahəsində düşünülmüş konseptual yanaşmaya söykənən siyasətinin uğurlarını xüsusi olaraq vurğulayıb.

Tədbir zamanı iştirakılara Azərbaycanın dinamik iqtisadi inkişafı sahəsində əldə etdiyi uğurlar, yüksək iqtisadi artım, regionların inkişafı, əsaslı quruculuq işləri, həmçinin Azərbaycanda gənclərlə bağlı siyasət və bu sahələrdə reallaşdırılan proqramlar haqqında ətraflı məlumat verilib.

Daha sonra Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri, regionda uzadılmış münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hal-hazırda problemin həlli istiqamətində aparılan işlər dəyirmi masa iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, Cənubi Qafqazda uzadılmış münaqişələr regionda sülh və təhlükəsizliyə başlıca təhdiddir. İştirakçılar tərəfindən sözügedən münaqişələrin beynəlxalq hüququn prinsipləri - suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin rəhbər tutularaq həllinin vacibliyi vurğulanıb.

Dəyirmi masa maraqlı diskussiya şəraitində keçmiş, iştirakçıların çoxsaylı sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunanlarla yanaşı, dəyirmi masa iştirakçıları Səfirlikdə "YARAT" Müasir İncəsənət Məkanı ilə birlikdə 28 iyun - 18 iyul 2014-cü il tarixlərində təşkil olunan gənc azərbaycanlı fotoqraf Nəzrin Məmmədovanın əsərlərindən ibarət sərgiyə tamaşa ediblər. Sözügedən sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Dəyirmi masadan sonra ziyafət təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti