...

Yeni Azərbaycan Partiyası media nümayəndələrini mükafatlandırdı

Cəmiyyət Materials 21 İyul 2014 14:33 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasında (YAP) Milli Mətbuat Günü ilə əlaqədar bəzi media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.
Yeni Azərbaycan Partiyası media nümayəndələrini mükafatlandırdı

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Bu gün Yeni Azərbaycan Partiyasında (YAP) Milli Mətbuat Günü ilə əlaqədar bəzi media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, mükafatlandırma mərasimində YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ilk növbədə media nümayəndələrini 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib.

S.Novruzov bildirib ki, Azərbaycan mətbuatı çox şərəfli və tarixi bir yol keçib: "Azərbaycan mətbuatının hər dövrünə nəzər salsaq, görərik ki, müxtəlif zamanlardan, dövrlərdən, quruluşdan, sistemdən asılı olmayaraq, xalqımızın inkişafı, onun informasiya alması, cəmiyyətdə olan problemlərin qabardılıb üzə çıxarılması, müəyyən məsələlərin həlli yollarında mətbuatın xüsusi rolu olub".

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın xüsusi rolu olub.

YAP icra katibinin müavini qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuat-dövlət əlaqələri həddindən artıq sıx olub və bu əlaqələr daha da inkişaf etməyə başlayıb: "Azərbaycan mətbuatında ilk dəfə olaraq 1998-ci ildə ümummilli lider tərəfindən senzura ləğv edilib. Mətbuata xüsusi diqqətin göstərilməsi, dövlət nəşriyyatına olan borcların silinməsi və digər bu kimi hallar Azərbaycan mətbuatının inkişafına təkan verib. Bu inkişaf bu gün də davam etməkdədir. Hazırda Azərbaycanda 240 mətbuat nəşr olunur ki, onlardan 40-ı gündəlik, 200-ü isə həftəlik və aylıq nəşrlərdir. Bu gün bir çox ölkələrdə internet üzərində nəzarət mövcuddur. Lakin Azərbaycanda bir çox ölkələrindən fərqli olaraq bu cür nəzarət yoxdur. Ölkəmizdə internet azaddır. Hazırda Azərbaycanda çoxlu sayda internet portalları, saytları fəaliyyət göstərir. Bu da həm dünyada, həm regionda, həm də ölkə daxilində baş verən hadisələrin insanlara çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar dövlət-mətbuat əlaqələrinin əsas göstəricilərindən biridir. Ölkəmizdə Mətbuat Şurası geniş şəkildə fəaliyyət göstərir. Bundan əlavə Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb ki, bu da mətbuata olan diqqət və qayğının bir nümunəsidir. Ölkəmizdə media nümayəndələrinə göstərilən diqqətin daha bir bariz nümunəsi jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır ki, artıq bir qrup jurnalistlər evlə təmin olunublar. 250-dən çox mənzilli digər bina isə gələn ilin sonuna qədər təhvil veriləcək".

S.Novruzov partiya ilə mətbuat arasında sıx əməkdaşlıqdan da söz açıb. O deyib ki, Yeni Azərbaycan Partiyası daim mətbuatla sıx əməkdaşlıq edir: "Ölkəmizin iqtisadi inkişafı artdıqca, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, aparılan iqtisadi islahatlar cənab Prezidentin həyata keçirdiyi siyasət mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır. Onun nəticəsidir ki, Azərbaycan ən böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. Son iki ay müddətində ən mötəbər iki tədbir məhz ölkəmizdə keçirildi .Bu tədbirlərin işıqlandırılmasında da təbii ki, ölkə mətbuatının böyük rolu oldu. Azərbaycan növbəti bir tədbirə ev sahibliyi edəcək. Azərbaycan mətbuatı gələn il ölkəmizdə baş tutacaq I Avropa Oyunlarına ciddi şəkildə hazırlaşmalıdır".

Sonda Siyavuş Novruzov tədbir iştirakçılarının simasında bir daha mətbuat nümayəndələrini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda media nümayəndələri YAP tərəfindən mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti