...

"Təmiz Binəqədi" layihəsi çərçivəsində görülən işlər açıqlandı (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2014 12:01 (UTC +04:00)
"Bakı 2015 Avropa Oyunları"na hazırlıq məqsədilə Bakının Binəqədi rayonunda həyata keçirilən "Təmiz Binəqədi" layihəsi çərçivəsində artıq bir çox işlər həyata keçirilib. Bu barədə Trend-ə Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
"Təmiz Binəqədi" layihəsi çərçivəsində görülən işlər açıqlandı (FOTO)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Elçin Mehdiyev/

"Bakı 2015 Avropa Oyunları"na hazırlıq məqsədilə Bakının Binəqədi rayonunda həyata keçirilən "Təmiz Binəqədi" layihəsi çərçivəsində artıq bir çox işlər həyata keçirilib. Bu barədə Trend-ə Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, layihə çərçivəsində könüllü gənclərdən ibarət qrupla görüş keçirilib, tərkibində 40 nəfər olan mobil könüllü qrup yaradılıb.

Daha sonra 9-cu mikrorayon, Adil Məmmədov küçəsində yeni istirahət parkı açılıb. Rayonun bütün Sahə İnzibati Ərazi dairələrində "Təmiz Binəqədi" layihəsi çərçivəsində təmizlik işlərinin aparılma sürəti intensivləşdirilib. Bu məqsədlə məişət tullantıları atılan ərazilər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya edilib.

Layihənin insanlar arasında təşviq edilməsi məqsədilə idarə və müəssisələrdə çalışan əməkdaşların avtomobillərinin üzərinə "Təmiz Binəqədi" posterləri vurulub, rayon ərazisindəki yerüstü keçidlərdə "Təmiz Binəqədi" layihəsinə start verilməsi ilə bağlı posterlər asılıb və Bakı-Sumqayıt yolunun rayon ərazisinə düşən hissəsində "Təmiz Binəqədi" layihəsinə uyğun işıqlı lövhələr quraşdırılıb. Bundan əlavə, sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi ilə əlaqədar olaraq, könüllü gənclər tərəfindən videoçarxlar hazırlanıb.

"Təmiz Binəqədi" sosial layihəsinə dəstək məqsədilə Binəqədi rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında "Avto Akademiya Binəqədi" layihəsinə də start verilib.

Bununla yanaşı, "Təmiz Binəqədi" layihəsi çərçivəsində təmizlik aksiyası keçirilib. Rayon ictimaiyyəti və könüllü gənclər Binəqədi rayonunda yerləşən çimərlik ərazilərində təmizlik işləri aparıb və əhalini layihə ilə ətraflı tanış edib, sakinlərə maarifləndirici təbliğat vasitələri paylayıblar.

Həmçinin layihə çərçivəsində "Polietilensiz gün" devizi altında aksiya keçirilib. Binəqədi Rayon İcra Hakimiyyəti və "Azərsun Holdinq" MMC-nin Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatının birgə təşəbbüsü ilə 9-cu mikrorayon, Adil Məmmədov küçəsində reallaşdırılan sosial aksiya zamanı ərazi polietilen tullantılar və plastik qablardan təmizlənib. Təmizlik işlərindən sonra toplanan polietilen tullantılar təkrar emala göndərilib.

Layihə barədə gənclərin fikir və təkliflərini dinləmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Binəqədi rayonunun fəal gəncləri və "Təmiz Binəqədi" layihəsinin könüllü gəncləri ilə görüşü keçirilib.

Könüllü gənclər qrupu "Yaşıl Adam" personajını yaradıb və tanıtım videosunu təqdim ediblər.

"Təmiz Binəqədi" layihəsi çərçivəsində həyata keçirilən növbəti aksiya isə Binəqədi rayonu, A.Kunanbayev küçəsini və 7-ci mikrorayonun bir hissəsini əhatə edib. "HB.Co.LTD" şirkətinin təşəbbüsü ilə təşkil olunmuş aksiya iştirakçıları ərazinin müxtəlif məişət tullantılarından təmizlənməsi, qurumuş kolların ərazidən götürülməsi, ağaclara qulluq edilməsi, ərazidə olan polietilen torbaların yığılması və s. kimi təmizlik işlərində yaxından iştirak ediblər.

Bundan əlavə, "Təmiz Binəqədi" layihəsi çərçivəsində təmizlik aksiyası keçirilib. 8-ci mikrorayonda Şövkət Məmmədova küçəsindən başlayan, İbrahimpaşa Dadaşov küçəsində davam edən və Nizami Nərimanov küçəsində yekunlaşan təmizlik aksiyası zamanı ərazi tullantılardan təmizlənib.

Layihə çərçivəsində keçiriləcək "Ən təmiz obyekt", "Ən təmiz uşaq bağçası", "Nümunəvi səhiyyə müəssisəsi", "Ən təmiz məktəb", "Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi", "Ən təmiz fərdi ev" müsabiqəsi rayon ərazisində yerləşən müəssisələrə elan olunub.

Qeyd edək ki, "Bakı 2015 Avropa Oyunları"na hazırlıq məqsədilə bu ilin iyul ayında start verilən "Təmiz Binəqədi" adlı sosial layihənin əsas məqsədi qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, yaşayış evlərini, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, rayonu abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmaqdır. "Coca Cola" şirkəti də layihənin həyata keçirilməsində tərəfdaş qismində çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti