Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrini açıqlayıb.
Komissiyadan Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri avqustun 14-də saat 12:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilmişdir. Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı mobil telefonla da öyrənə bilərlər. Bunun üçün abituriyentlər öz iş nömrələrini (bütün mobil operatorlardan) 7727 nömrəsinə göndərməlidirlər. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 888 nəfər, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 5629 nəfər qəbul olub. Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent" jurnalının 9-cı sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent" jurnalının 10-cu sayında dərc olunacaqdır. Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 15-dən 28-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.