...

Argentina Azərbaycanda nüvə tədqiqatları və kosmik sənaye sahələrinə maraq göstərir

Cəmiyyət Materials 20 Sentyabr 2014 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva, Argentinanın kosmik texnologiyalar və nüvə tədqiqatları sahəsi üzrə ixtisaslaşan "İNVAP" şirkətinin Departament rəhbəri Ruben Mazzi ilə görüşüb.

Trend-in məlumatına görə, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayan nazir Əli Abbasov ikitərəfli münasibətlərin uğurlu inkişafında rabitə və yüksək texnologiyalar sahəsinin xüsusi yer tutduğunu bildirib. Bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yüksək potensialın olduğunu qeyd edən nazir gələcək əməkdaşlıq istiqamətlərindən söz açıb.

Nazir Əli Abbasovun cari ilin mart ayında Argentinaya işgüzar səfərinin uğurlu və səmərəli nəticələrinə toxunan səfir Karlos Dante Riva bu səfərin iki ölkə arasında İKT sahəsində əlaqələrin yaxınlaşmasında faydalı olduğunu və münasibətlərin inkişafında yeni mərhələ açdığını nəzərə çatdırıb. Argentinalı şirkətlərin Azərbaycanda maraq göstərdiyi sahələrdən də söz açan diplomat "İNVAP"-ın ölkəmizdə həyata keçirilən növbəti peyk layihələri ilə bağlı elan ediləcək tenderlərdə iştirak edəcəyini, eyni zamanda dünyanın müxtəlif ölkələrində nüvə reaktorlarının qurulmasında yaxından iştirak edən şirkətin Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində yaradılan "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin fəaliyyətinə də maraq göstərdiyini, artıq "İNVAP"-la "Milli Nüvə Tədqiqatları Mərkəzi" arasında müzakirələrə başlandığını söyləyib.

Görüşdə, həmçinin "İNVAP" şirkətinin Azərbaycandakı tərəfdaşları -"Nobel Oil" və "Mineks İnternational" şirkətlərinin nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti