...

Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarlarını yenidən təhqir etmək istəyən şəxs tutulub

Cəmiyyət Materials 24 Sentyabr 2014 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bu il avqustun 21-dən 22-nə keçən gecə naməlum şəxslər tərəfindən Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol verilmişdi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilir ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş yüzlərlə soydaşımızın, mərd mübarizlərin uyuduğu, hər bir həmvətənimiz üçün əziz və müqəddəs məkan olan bu ziyarətgahda belə vandalizm aktının törədilməsi haqlı olaraq cəmiyyətdə geniş ictimai rezonans doğurub, qəbirləri təhqir edilmiş şəhidlərin yaxınları da daxil olmaqla bir çox vətəndaşımız ölkə və hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edərək həmin iyrənc hadisəni törədənlərin tezliklə yaxalanıb ədalət mühakiməsinə verilməsini, onların barəsində ən ciddi cəza tədbirinin görülməsini xahiş ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs bu gün - sentyabrın 24-də, səhər saatlarında, Şəhidlər Xiyabanında növbəti dəfə təhqiredici hərəkətlərə yol verərkən yaxalanıb və istintaqa təhvil verilib.

Araşdırmalarla müəyyən edilib ki, bu, 1963-cü ildə Bakı şəhərində anadan olmuş, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Xəzər rayonunun Albalı bağlar massivində yaşayan Nüsrət Qasımovdur.

Faktla bağlı istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti