...

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Bakı Ali Neft Məktəbində olub (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2014 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Kolumbiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Əssəd Xose Xater Penya Bakı Ali Neft Məktəbində olmuşdur.

BANM-dən Trend-ə verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin rektoru və rəhbər heyəti ilə keçirilmiş görüş çərçivəsində qonağa ali məktəbin yaranma tarixi, məqsəd və başlıca hədəfləri, həmçinin tələbə qəbulu prosesinin nəticələri haqqında ətraflı məlumat verilmişdir. Rektor Elmar Qasımov bildirmişdir ki, bu ali təhsil ocağı qısa zaman çərçivəsində fəaliyyət göstərməsinə baxmayaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən son iki tədris ilinin statistik göstəricilərinə əsasən ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanmış və ali məktəblər arasında mütləq lider olmuşdur.

Rektor eyni zamanda qeyd etmişdir ki, ali məktəbdə tədris prosesi Avropa Kredit Transfer Sisteminin şərtlərinə uyğun təşkil olunur və Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə qurulmuş əməkdaşlıq münasibətləri çərçivəsində Bakı Ali Neft Məktəbində həmin universitetin tədris proqramları tətbiq olunur, dərslərdə keyfiyyətə nəzarət, imtahanların keçirilməsi və qiymətləndirilməsi prosesi isə partnyor universitet tərəfindən həyata keçirilir.

Öz növbəsində, müvəqqəti işlər vəkili Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissləri keçirdiyini qeyd etmiş, qısa zamanda görülən işlər və əldə olunan uğurlar münasibəti ilə rektoru təbrik etmişdir. Kolumbiyada kifayət qədər hidrokarbon ehtiyatların olduğunu bildirən cənab Penya qarşı tərəfin qədim neft tarixinə malik bir ölkə olaraq Azərbaycandan müvafiq təcrübənin öyrənilməsində maraqlı olduğunu ifadə etmiş və universitetlər arasında qarşılıqlı əlaqələrin qurulması istiqamətində hərtərəfli dəstəyi göstərməyə hazır olduğunu vurğulamışdır.

Görüşdən sonra qonaq Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşmüş və tədris prosesi ilə yaxından tanış olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti