...

Bakıda küçə reklamları ilə bağlı monitorinqlərə başlanılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 16 Oktyabr 2014 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlkin İzzət/

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Bakıda küçə reklamları ilə bağlı monitorinqlərə başlayıb. Trend xəbər verir ki, bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda İnstitutda "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkiafına dair Dövlət Proqramı"na əsasən 3 istiqamətdə iş aparılır. Bunlardan biri ölkəyə idxal olunan dərman preparatlarının təlimat vərəqələrindəki dilin monitorinqidir.

İkinci istiqamət teleradio verilişlərinin dili üzərində müşahidələrin aparılmasıdır. Üçüncü istiqamət isə Bakı şəhərində - Səbail, Nəsimi və Nərimanov rayonlarının ərazisində küçə adları, afişalar, reklam lövhələrinin dili üzərində müşahidələrin aparılmasıdır.

Q.Məhərrəmli qeyd edib ki, artıq bir neçə gündür bu işə başlanıb.
Bəzən bir adın müxtəlif formalarda yazıldığını deyən şöbə müdiri bildirib ki, küçələrdə və digər yerlərdə Azərbaycan dilinin korlanmasının qarşısının alınması üçün xüsusi komissiya yaradılacaq: "Bu sahədə vahid sistemin yaradılması üçün dövlət qurumları, müstəqil media nümayəndələrinin də iştirakı ilə komissiya yaradılır. Komissiyanın qərarları tövsiyə xarakteri daşıyacaq. İnsanlar küçələrdə görünən yanlışlıqlarla bağlı komissiyanın qaynar xəttinə müraciət edə biləcəklər".

Q.Məhərrəmli eyni zamanda bildirib ki, hazırda Azərbaycan dilini ən çox korlayan bəzi informasiya saytlarıdır: "Dil həm mətbuatın silahıdır, həm də dili ən çox korlayan da mətbuatdır. İnsanın iki vətəni var. Biri onun yaşadığı coğrafi məkandır, digəri isə onun danışdığı dildir. Biz Vətənimizi birlikdə qorumalıyıq".

Televiziya və radio verilişləri üzrə aparılan monitorinq barədə məlumat verən İnstitutun elmi işçisi Şahlar Məmmədov deyib ki, teleradio verilişlərində şifahi dildə yazıldığı kimi danışılır. Bundan əlavə, sözlərdə vurğular düzgün qoyulmur, titrlarda çoxlu qrammatik və sintaktik səhvlərə yol verilir: "Təəssüf doğuran odur ki, bu qüsurlar əvvəlki monitorinqlərdə də müşahidə edilib, indi də təkrarlanır".

İnstitutun böyük elmi işçisi Zamiq Təhməzov isə bildirib ki, Dilçilik İnstitutu Azərbaycana idxal edilən dərman və dərman preparatlarının izahedici vərəqlərinin dilinin monitorinqinin ilkin mərhələsini sona çatdırıb.

O, qeyd edib ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq aparılan monitorinqdə yüzdən artıq dərman və dərman preparatının izahedici vərəqləri nəzərdən keçirilib.

Monitorinq nəticəsində həmin sənədlərin dilində bir çox çatışmazlıqlar, o cümlədən ədəbi normadan yayınmalar üzə çıxarılıb.

Onun sözlərinə görə, içlik vərəqləri xəstələrdən çox həkimlər üçün nəzərdə tutulub. Lakin həkimlərin özləri də onları oxuyanda anlamaqda çətinlik çəkirlər.

Z.Təhməzov qeyd edib ki, dərmanların istifadəçi üçün nəzərdə tutulan izahedici vərəqlərinin vahid strukturu yoxdur və burada sistemsizlik özünü göstərir: "Bir çox mətnlərin dili anlaşıqlı deyil, əksər dərman və və dərman preparatlarının istifadə qaydaları izah edilərkən terminlərdən hədsiz istifadə olunduğundan mətnlər anlaşılmaz hala düşür. Digər tərəfdən, tərcümənin keyfiyyətsizliyi səbəbindən də çoxlu sayda leksik, qrammatik və üslubi nöqsanlar meydana çıxır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti