...

"Fətva", yoxsa "fitva" yazaq?

Cəmiyyət Materials 23 Oktyabr 2014 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu "fətva" və "fitva" sözlərindən hansının yazılış formasının daha düzgün olduğunu açıqlayıb.

Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov Trend-ə bildirib ki, bu söz tarixən "fitva" kimi yazılıb. Azərbaycan dilinin həm yeni, həm də köhnə orfoqrafiya lüğətində bu söz "fitva" kimi qeyd edilib: "Bu sözün "fətva" kimi işlənməsi düzgün deyil. Çünki Nazirlər Kabineti tərəfindən təsdiqlənmış orfoqrafiya lüğətində də bu söz "fitva" kimi yazılıb. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi bu sözün yazılış formasını dəyişməlidir".

İ.Məmmədov qeyd edib ki, sözün ərəb mənşəli olması onun "fətva" kimi yazılmasına əsas vermır: "Ərəb dilindən dilimizə daxil olan sözlər dəyişdirilir. Vaxtilə "xəlq" işlənib, indi "xalq" deyilir. Onda "xəlq" yazmalıyıq? Yaxud "salamat" sözü "səlamət" yazılıb. Məsələn, ərəb dilində "qaidə"dir, amma biz "qaidə" yazmırıq axı, "qayda" yazırıq. Bu sözlər artıq dilimizdə belə formalaşıb. Biz bunu dəyişə bilmərik".

Qafqaz Müsılmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə Trend-ə bildirib ki, "fitva" sözü "fətva" kimi yazılmalıdır. Çünki dini ədəbiyyatların hamısında bu söz "fətva" kimi yazılıb: "QMİ-nin müvafiq şöbəsi də "Fətva" şöbəsi adlanır, indiyədək də idarənin bütün sənədlərində, bəyanatlarında bu söz "fətva" kimi yazılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti