...

Əlil və şəhid ailələri üçün bölgələrdə fərdi evlər inşa olunur

Cəmiyyət Materials 18 Noyabr 2014 17:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə əlil və şəhid ailələri üçün bölgələrdə fərdi evlərin inşasına başlanıb.
Əlil və şəhid ailələri üçün bölgələrdə fərdi evlər inşa olunur

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə əlil və şəhid ailələri üçün bölgələrdə fərdi evlərin inşasına başlanıb. Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamının icrası olaraq, ƏƏSMN-in sifarişi ilə müharibə əlilləri və şəhid ailələri üçün bu gün 6 rayonda (Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Şəki, Qəbələ rayonlarında) fərdi evlərin inşasına başlanıb. Yaxın bir neçə gündə respublikanın daha 46 rayonunda əlil və şəhid ailələri üçün fərdi evlərin tikintisinə başlanacaq.

Beləliklə, ilkin mərhələdə ümumilikdə 52 rayonda hər birinin həyətyanı sahəsi olan 353 ədəd fərdi evin inşa edilərək əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur. Fərdi yaşayış evlərinin keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla və müasir tələblərə uyğun inşasına nazirlik tərəfindən xüsusi diqqət yetirilir.

Bununla yanaşı, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində yaşayan və mənzil növbəsində olan müharibə əlilləri və şəhid ailələrinin çoxmənzilli yaşayış binalarında mənzillərlə təminatı həyata keçiriləcək. Dövlət başçısının qeyd olunan sərəncamına əsasən, 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, əlil və şəhid ailələri yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində rayon (şəhər) İcra Hakimiyyətləri (İH) tərəfindən növbəyə götürülür və ƏƏSMN inşa edilmiş mənzillərin bölgüsünü rayon (şəhər) İH-lərinin təqdim etdikləri növbəlilik siyahıları əsasında həyata keçirir. Rayon (şəhər) İH-lərindən ƏƏSMN-ə təqdim olunmuş mənzil növbəliliyi siyahıları bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ƏƏSMN-in rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində yerləşdirilib. Burada həmçinin artıq mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin də siyahıları ictimaiyyətə təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti