Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
Ötən illər ərzində Azərbaycan korrupsiyaya qarşı mübarizəyə əhəmiyyətli töhfələr verib və bu istiqamətdə səylərini xeyli artırıb. Bu barədə Trend-ə Beynəlxalq Antikorrupsiya Akademiyasının icraçı katibi Martin Kreutner bildirib.
Akademiyanın Assambleyasının 3-cü sessiyasının Bakıda keçirilməsini yüksək dəyərləndirən M.Kreutner deyib ki, Azərbaycan Akademiyanın tamhüquqlu üzvüdür və təşkilatın fəaliyyətində aktiv rol oynayır.
O, qeyd edib ki, Azərbaycanın bu sessiyaya ev sahibliyi etmək təşəbbüsü ölkənin korrupsiyaya qarşı mübarizəyə nə qədər əhəmiyyət verməsinin göstəricisidir: "Təbii ki, korrupsiyaya qarşı mübarizə bir günün işi deyil, uzun bir yoldur. Bu baxımdan inanıram ki, biz Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirə, daha sıx əməkdaşlıq qura bilərik".