...

Macarıstanda "Azərbaycan Turizm Günləri" adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2014 17:43
Macarıstan-Azərbaycan Gənclər Birliyi (MAGB) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşkilati dəstəyi ilə 21-22 noyabr tarixlərində “Macarıstanda Azərbaycan Turizm Günləri” adlı tədbir təşkil edilmişdir.
Macarıstanda "Azərbaycan Turizm Günləri" adlı tədbir keçirilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Macarıstan-Azərbaycan Gənclər Birliyi (MAGB) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşkilati dəstəyi ilə 21-22 noyabr tarixlərində "Macarıstanda Azərbaycan Turizm Günləri" adlı tədbir təşkil edilmişdir.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Avropadan seçilmiş gənclər, eləcə də Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin, Macarıstan Parlamentinin, Azərbaycan Respublikası Gənclər Fondunun, eləcə də Macarıstan, Azərbaycan və Mərkəzi Avropa ölkələrinin QHT nümayəndələri iştirak etmişdir.

Tədbirin Macarıstan Parlamentində keçirilmiş ilk gününü giriş sözü ilə açan MAGB-nin sədri İbrahim Səfərli qonaqları salamlamış, birliyin tarixi, bu günə kimi həyata keçirdiyi layihələr barədə ətraflı danışmış və "Azərbaycan Turizm Günləri" adı altında keçirilən tədbirin məqsəd və məramı barəsində iştirakçıları məlumatlandırmışdır.

Daha sonra Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək, layihənin uğurla həyata keçirilməsi münasibətilə MAGB-in İdarə heyətini təbrik etmiş və Azərbaycan ilə Macarıstan gəncləri arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulamışdır. Səfir, iki həftə öncə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Macarıstana etdiyi iki günlük işgüzar səfərin, iki ölkə iş adamları arasında keçirilmiş Biznes forumun və səfər çərçivəsində strateji əməkdaşlıq Sazişi başda olmaqla imzalanmış müqavilələrin Azərbaycanla Macarıstan arasındakı sıx əməkdaşlığın bariz nümunəsi olduğunu bildirmişdir.

Ardından, Macarıstan Parlamentinin üzvü, Azərbaycan-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri Marton Döndöşi son illər iki ölkə arasında əlaqələrin sürətli inkişafından dolayı məmnuniyyətini bildirmiş və bu kimi layihələrin həyata keçirilməsinin Azərbaycan və Macarıstan arasındakı əməkdaşlığa böyük töhfə verdiyini vurğulamışdır.

Növbəti olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov danışaraq Fond və onun dəstəyi ilə həyata keçirilmiş layihələr barəsində qonaqlara ətraflı məlumat vermişdir.

Tədbirin ikinci hissəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin, eləcə də Hungarian Tourism LTD, Balance Law and Tax Firm və Rİxos Hotels Azərbaycanın nümayəndələri müvafiq təqdimatlarla çıxış etmişdirlər. Təqdimatlar informativ və interaktiv xarakter daşımış, ölkəyə səfər etmək istəyən beynəlxalq iştirakçıların xüsusi marağına səbəb olmuş və onlara viza, immiqrasiya hüququ və Azərbaycana gəlişin hüquqi aspektlər barədə, eləcə də ölkə mehmanxanaları və turizm sahələri barədə məlumat vermişdir.

Tədbirin ikinci günü Azərbaycanın Macarıstandakı Səfirliyində keçirilmişdir. İştirakçılar Səfirlik binası və konsulluq şöbəsinin iş prinsipi ilə yaxından tanış olmuşdur. Ardından Azərbaycana səfərlə bağlı e-viza sistemi, onun mahiyyəti və işləmə mexanizminə dair təqdimat keçirilmişdir. İkinci belə bir təqdimat ölkəmizdə səfərdə olmuş Polşalı gəncin Azərbaycanla bağlı xoş təəssüratları ilə bağlı olmuşdur. Tədbirin sonunda iştirakçıların bir neçəsi təşkilatçılar tərəfindən mükafatlandırılmışdır.

Xatırladaq ki, MAGB Macarıstanda yaşayan gənc azərbaycanlı və macar fəalların təşəbbüsü ilə 2012-ci ilin dekabrında yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti