...

Ədliyyə nazirinin müavini Leyla Yunusa təzyiqlərin olması barədə yayılan məlumatlara münasibət bildirib

Cəmiyyət Materials 12 Dekabr 2014 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İlkin İzzət/

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev təqsirləndirilən şəxs Leyla Yunusa saxlandığı təcridxana guya təzyiqlərin olması, ona dərmanların verilməməsi, səhhətində problemlərin olması ilə bağlı özü və vəkili tərəfindən KİV-də yayılan məlumatlara münasibət bildirib.

Trend-in məlumatına görə, M.Quliyev jurnalistlərə deyib ki, təqsirləndirilən şəxs Leyla Yunus istintaq təcridxanasında cəzaçəkmə müəssisələrində olan qaydalara uyğun şəkildə saxlanılır: "Bəzi KİV-də həqiqətəuyğun olmayan, gülünc məsələ irəli sürülüb ki, guya ona yemək, dərmanlar verilmir. Bu, nə Azərbaycana, nə də azərbaycançılığa uyğun olmayan məsələdir. Təqsirləndirilən şəxs Leyla Yunus digər təqsirləndirilən şəxslərlə bir yerdə saxlanılır. Ona heç bir təzyiq olmayıb və ola da bilməz".

Onun sözlərinə görə, dünən Səhiyyə Nazirliyinin həkimləri, həmçinin QHT nümayəndələri birlikdə Leyla Yunusun xəstə olub-olmaması ilə maraqlanıblar: "Bu, qətiyyən belə deyil. Onun xəstəliyi yoxdur. Sadəcə o, əvvəllər də özünü tərbiyəsiz aparırdı, həkimlərə ağır sözlər deyib təhqir edib. Bu, onun yaşayış üsuludur və biz onu başa düşürük".

M.Quliyev əlavə edib: "Ümumiyyətlə, mənim yanıma gələn xarici ölkələrin QHT nümayəndələri "Bəs, necə olur ki, guya siyasətlə məşğul olan adamlar dalbadal saxlanılır?" kimi suallar verirlər. Bunun cavabı çox asandır. Çünki jurnalist Rauf Mirqədirovun əməlləri və onun Ermənistana getməsi, maliyyələşməsi ilə bağlı cinayət işi qaldırılıb. Məsələlər araşdırılır. Həmin adamlar da cinayət işində adıçəkilən adamlardır. Təbii ki, onlar da dalbadal saxlanılmalıdırlar".

M.Quliyev bildirib ki, jurnalist Xədicə İsmayılova da törətdiyi cinayətlərə görə cavab verir və o da hazırda təqsirləndirilən şəxsdir: "Həmin qaydada ona da diqqət göstərilir. Amma o saxlanma şəraitinin yaxşı olduğunu və ona qarşı heç bir təzyiqin olmadığını deyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti