...

Azər Qərib Bakı 2015 Avropa Oyunlarının növbəti Ulduz Elçisi oldu

Cəmiyyət Materials 28 Yanvar 2015 15:30 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi məşhur televiziya aparıcısı Azər Qəribin bu yay keçiriləcək birinci Avropa Oyunlarının Ulduz Elçisi olacağını elan etməkdən məmnundur.
Azər Qərib Bakı 2015 Avropa Oyunlarının növbəti Ulduz Elçisi oldu

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi məşhur televiziya aparıcısı Azər Qəribin bu yay keçiriləcək birinci Avropa Oyunlarının Ulduz Elçisi olacağını elan etməkdən məmnundur.

Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, A.Qərib tanınmış səyahət jurnalisti və Azərbaycanın səyahətə dair məşhur "Oralar" və "Azər Qəriblə saat 5-də" adlı televiziya proqramlarının qurucusudur.

A.Qərib daxil olmaqla hazırda Bakı 2015 Avropa Oyunlarının musiqi, televiziya və incəsənət dünyasından 14 nəfər Ulduz Elçisi var.

Azərbaycanın gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib: "Azər Qərib kimi məşhurların dəstəyinə etibar etmək gözəldir və mən onu Bakı 2015 Avropa Oyunları ailəsində salamlamaqdan məmnunluq duyuram. Əminəm ki, bizim Ulduz Elçilərimiz əhali arasında böyük həyəcan yaradacaq və daha çox insanı Oyunlara cəlb edəcək".

A.Qərib müğənnilərdən Tünzalə Ağayeva, Röya, Miri Yusif, "Avroviziya" mahnı yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camal, komediya aktyorlarından Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir və Cabir İmanovlar, musiqiçilərdən "DJ Shock" və tanınmış aparıcılardan Murad Dadaşov və İlkin Həsəniyə qoşulacaq.

A.Qərib deyib: "Ölkəmi birinci Avropa Oyunlarında Ulduz Elçi kimi təmsil etmək mənim üçün böyük şərəf və fəxrdir. Mən başa düşürəm ki, çox sayda insanı bu yay Bakıya gəlməyə həvəsləndirmək və cəlb etmək Oyunlar üçün mühüm əhəmiyyət daşıyır və bir rəsmi Elçi kimi bu işi icra etməyi səbirsizliklə gözləyirəm".

Ulduz Elçi proqramı Ulduz Elçilərin birinci Avropa Oyunları haqqında müraciətlərini və mesajlarını bölüşmək məharətindən istifadə etməklə Bakı 2015 Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq.

Proqram iştirakçıları Bakı 2015-in obyektlərinə baş çəkmək, gerisayım tədbirlərinə qoşulmaq, kampaniyaları dəstəkləmək və öz sosial media kanallarından istifadə etməklə milyonlarla pərəstişkarı arasında Oyunların təbliğ olunmasına kömək göstərəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti