Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda müasir texniki vasitələrin tətbiqi nəticəsində kriminal hadisələrin aşkarlanmasının sayı artıb.
Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Daxili İşlər Nazirliyi (DİN) sistemində müasir texniki vasitələrdən, statistik, axtarış, kriminalistik və digər uçotlardan geniş istifadə edilməsi profilaktik işin effektliyini daha da artırıb. İl ərzində xüsusi xidməti istifadə üçün 750 avtomobil alınıb.
"Təhlükəsiz şəhər" layihəsi çərçivəsində respublika üzrə 1924 nöqtədə 6012 videomüşahidə kamerası, Bakı metropoliteni də daxil olmaqla bütövlükdə 2039 nöqtədə 8085 videomüşahidə kamerası quraşdırılaraq istifadəyə verilib. Onlardan Bakı şəhərində 1356 nöqtədə 4224 kamera quraşdırılıb.
Ötən il 2013-cü illə müqayisədə videomüşahidə vasitələrinin tətbiqi ilə aşkarlanmış hadisələrin sayı 46 faiz artıb. Nəticədə 79 cinayətin üstü açılıb, 12614 yol-nəqliyyat hadisəsi (onlardan 157-si piyadaların vurulması), 335 fakt ictimai asayişin pozulması, 15 avtoxuliqanlıq, 78 yanğın və s. müəyyən edilib.
"Nömrətanıma" sistemi vasitəsilə axtarışda olan 139 və digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə edilən 44 nəqliyyat vasitəsi müəyyən edilib.