Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayevi qəbul edib.
QMİ-dən Trend-ə bildiriblər ki, martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Amangeldi Jumabayevi qəbul edib.
QMİ-də keçən görüşdə Qazaxstan səfirini salamlayan A.Paşazadə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevi müdrik və uzaqgörən siyasətçi adlandıraraq bu il Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərinin keçirilməsini düzgün addım kimi qiymətləndirib və Nazarbayevin həmin seçkilərdə inamla qələbə çalacağından əmin olduğunu dilə gətirib. QMİ-nin sədri qardaş Qazaxıstan xalqına sülh, əminamanlıq və tərəqqi arzularını bildirib.
A. Jumabayev isə öz növbəsində Şeyxülislama bu ilin iyun ayında Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayevin rəhbərliyi altında Astanada keçirilməsi nəzərdə tutulan Dünya və Ənənəvi Dinlərin Liderlərinin V qurultayına həmin qurultayın sədri Kasım-Jomart Tokayevin dəvət məktubunu təqdim edib. Səfir qeyd edib ki, bütün Qafqazın Şeyxinin iştirakı qurultayın dəyərini artıracaqdır. Səfir Allahşükür Paşazadənin bu dəvəti qəbul edəcəyindən ümidvar olduğunu dilə gətirib.
Dəvətə görə öz təşəkkürünü bildirən QMİ-nin sədri əmin olduğunu bildirib ki, Dünya və Ənənəvi Dinlərin Liderlərinin növbəti qurultayı yer üzündə sülh, siyasi istiqrar və əminəmanlığın bərqərar olmasına mühüm töhvə verəcəkdir.