Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti və bölmələrin akademik-katibləri vəzifələrinə yeni seçkilər keçiriləcək.
Akademiyadan Trend-ə verilən məlumata görə, aprelin 29-da keçiriləcək AMEA-nın illik Ümumi yığıncağında Akademiyanın 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, eləcə də Qafqazşünaslıq İnstitutunun, Quba Regional Elm Mərkəzinin, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin yaradılması məsələləri müzakirə olunacaq. Həmçinin AMEA-nın vitse-prezidenti və bölmələrin akademik-katibləri vəzifələrinə seçkilər keçiriləcək.
Yığıncaqda AMEA-nın institut, elmi müəssisə və digər təşkilatlarının fəaliyyətini əks etdirən eksponatlardan ibarət sərginin təşkili nəzərdə tutulub.
Tədbirdə ilk dəfə olaraq "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" təqdim olunacaq. Həmçinin AMEA-nın adlı mükafatları təqdim ediləcək.