...

Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdə olacaq

Cəmiyyət Materials 28 Mart 2015 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart / Trend/

29 mart - 3 aprel 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdə olacaq.

Səfərin əsas məqsədi ictimai iştirakçılıq və vətəndaş cəmiyyətinin inkişafı sahəsində Azərbaycanın əldə etdiyi uğurları İtaliya ictimaiyyətinə təqdim etmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

Səfər çərçivəsində İtaliyanın Əmək və Sosial Siyasət naziri, Parlament üzvləri, Neapol şəhərinin meri və tanınmış QHT rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

İtaliya senatında təşkil olunacaq konfransda hökumət nümayəndələrinə, Parlamentin üzvlərinə, vətəndaş cəmiyyəti təmsilçilərinə və mətbuata "İdarəetmədə ictimai iştirakçılıq: Azərbaycan modeli" təqdim olunacaq.

Bundan başqa nümayəndə heyəti Şura və İtaliyanın "Vision" təşkilatının birgə təşkil etdiyi "Avropada mərkəzləşdirilmiş sosial xidmətlərin təşkili: "ASAN" nümunəsi" mövzusunda keçirilən beynəlxalq konfransa qatılacaq. Hər iki tədbirdə Şuranın sədri Azay Quliyev məruzə ilə çıxış edəcək.

Səfər Azərbaycan Hökuməti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstəklənən və Şərq-Qərb İdarəetmə İnstitutunun icra etdiyi "Azərbaycanda sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti