Azərbaycan, Bakı, 9 aprel /Trend/
Bakı Ali Neft Məktəbində (BANM) "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib.
BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, şərqşünas-alim, akademik Vasim Məmmədəliyev, DQİDK-nin sədr müavini Gündüz İsmayılov, BANM-nin (BANM) professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları Ali Məktəbdə görməkdən məmnunluğunun bildirib. E.Qasımov "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfransın Ali Məktəbdə keçirilməsinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda dünyəvi dövlət olduğu, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıb.
DQİDK-nin sədri Mübariz Qurbanlı çıxış edərək, ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb. O, ölkədə dini radikalizmin yayılmasının qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. M.Qurbanlı mövzunun aktual olduğunu qeyd edərək, tələbələrin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğunu deyib.
Görkəmli şərqşünas-alim, akademik V.Məmmədəliyev müxtəlif dinlərin yaranmasından söz açaraq ayrı-ayrı dövrlərdə müxtəlif maraqlar zəminində təriqətlərin yaranması və onların siyasiləşdirilməsi haqqında məlumat verib. Azərbaycan dövlətini və cəmiyyətini dini radikalizmin təhlükəsindən qorumaq, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin önəmini qeyd edib.
O, İslam dininin əsasında insanpərvərlik, vətənpərvərliyin dayandığını vurğulayıb və gəncləri radikal dini cərəyanların təsiri altına düşməməyə çağırıb.
Sonda müəllim və tələbələrin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.